İlham Əliyev: Azərbaycan əraziləri işğaldan azad olunacaq » AzNews.info -Xəbər portalı

İlham Əliyev: Azərbaycan əraziləri işğaldan azad olunacaq

İlham Əliyev: Azərbaycan əraziləri işğaldan azad olunacaq


Azərbaycanın müstəqillik illərində ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb:

“Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir.

Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir”.

Prezident İlham Əliyev bildirib ki, Xocalıda qətliam törədilib, 600-dan çox uşaq, qadın və qoca qətlə yetirilib:

“Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır”.

Dövlət başçısı Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bəyan edib.

İlham Əliyev həmçinin qeyd edib ki, işğala baxmayaraq, Azərbaycan inkişaf edir:

“2014-cü ilə qədər Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda qadınlar əsrin əvvəlində səsvermə hüququ qazanıblar:

“Azərbaycan zəngin enerji resurslarına malikdir, lakin əsas məqsədimiz “qara qızıl”ı insan kapitalına çevirməkdir. İslahatların aparılması göstərir ki, iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyatdır, neft və qazdan asılılığımız azalır”.

Prezident Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb:

“Şərq-Qərb nəqliyyat dəhlizi yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədədirsə, daha çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”.

Prezident onu da bildirib ki, 1988-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistandan qaçqın, 700 mindən çox azərbaycanlı isə Qarabağdan köçkün düşüb:

“Azərbayanın o dövrdə cəmi 8 milyon əhalisi vardı. O dövrdə ən yoxsul ölkələrdən biri idik. Biz qaçqın və məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salmışıq, bu işlər davam edir. Lakin o insanların bir qismi hələ də yataqxanalarda, şəraitsiz yerlərdə yaşayır”.

Dövlət başçısı bəyan edib ki, Azərbaycan Forumun Bakıda keçirilməsini yüksək dəyərləndirir:

“Bu, bizim işimizə verilən qiymətdir”.

İlham Əliyev bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsü olub:

“Azərbaycan əsərlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik.

Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar. Azərbaycanda ən qədim kilsələr, alban kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri qoruyub saxlayıb”.

Prezident İlham Əliyev müasir Azərbaycanın 25 illik müstəqillik tarixi olduğunu xatırladıb:

“Ancaq ölkə kimi tariximiz qədimdir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir, son illər bir çox tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaqdır.

Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir. Əfsuslar olsun ki, biz keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik, toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük”.

Dövlət başçısı qeyd edib ki, 2008-ci ildə Bakı prosesinin yaradılması təşəbbüsü irəli sürülüb:

“Azərbaycan yeganə ölkələrdəndir ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətlərini bir yerə toplayıb. Bakı prosesi genişlənir, qlobal təşəbbüsə çevrilir, sülh və mədəniyyətlərarası dialoqa xidmət edir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *