Türkiyədə gərgin gecə: hakim partiyanın binasında partlayış – FOTO
Ötən axşam Türkiyədə növbəti gərgin gecə yaşanıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə hakim Ədalət və İnkişaf Partiyasnın (AKP) binasında baş verib.
Naməlum şəxslər AKP-nin Bəyoğlu rayonunda yerləşən İstanbul şöbəsinin binasına 2 partlayıcı qurğu atıblar. Hadisə yerli vasxtla saat 23.00-də (Bakı vaxtıyla 00.00) baş verib. Rayonun Sütlücə məhəlləsindəki binasının həyətinə atılan bombalar partlayıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, həmçinin AKP binasına da hər hansı bir ziyan dəyməyib.
Faktla bağlı istintaq başladılıb. Hadisəni törədən şəxslərin yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.
Təxminən bir ay əvvəl İstanbulun Bəyoğlu rayonunun ərazisində yerləşən Taksimdə terror hadisəsi baş vermişdi. İstiqlal prospektində törədilən partlayış nəticəsində 5 nəfər ölmüş, 20 nəfər mçüxtəlif dərəcəli xəsarətlər almışdı. Terakt nəticəsində dünyasını dəyişənlərin iranlı və israilli turistlər olduğu bildirilmişdi.
Bundan əvvəl isə yanvarın 12-də İstanbulun turistik “Sultan Əhməd” meydanında 11 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Bu hadisə vaxtı da ölənlərin müxtəlif ölkələrdən gələn turistlər olduğu bildirilmişdi.
Son aylarda Türkiyədə İŞİD və PKK terror qruplaşmalarının törətdiyi teraktların hədəflərinin, ölkənin əsas maliyyə mənbəyi olan turizmin qarşısını almaq olduğu bildirilmişdi.
Mənbə:> ANSPRESS