Qarayev rus KİV nümayəndələrini qəbul edib – FOTO
Nazir Əbülfəs Qarayev Rusiya kütləvi informasiya vasitələri nümayəndələrini qəbul edib
Aprelin 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Konqres Mərkəzində ölkəmizdə səfərdə olan Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul etdi.
AzNews.info nazirliyə istinadən xəbər verir ki, ilk olaraq nazir 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıqla bağlı qonaqlara məlumat verdi. Mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlıq görüldüyünü diqqətə çatdırdı.
Bildirildi ki, ölkəmizdəki multikulturalizm atmosferin saxlanılması və inkişafı məqsədilə Azərbaycan BMT, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir, layihələrə qatılır. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Əbülfəs Qarayev ölkəmizin turizm imkanları haqqında qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan öz turizm potensialını tanıtmaq məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir. Ölkəmizdə turizmin inkişafı üçün hər bir şərait mövcuddur: “Məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir. Dövlət tərəfindən də bu sahəyə diqqət ayrılıb və ölkə başçısı bu istiqamətdə müəyyən addımların atılması üçün qəti göstərişlər verib”.
Nazir diqqətə çatdırdı ki, bu gün təkcə paytaxt Bakı deyil, bölgələrimizin də turist qəbulu üçün potensialı var. “Şahdağ” Turizm Mərkəzi, Naftalan, “Qalaaltı Hotel və Spa” kompleksi, cənub bölgəsində yerləşən istirahət mərkəzləri turistlərin xidmətindədir. Azərbaycanda sağlamlıq, mədəni, biznes, ekoloji, istirahət və əyləncə, dağ, qış və xizək, çimərlik, idman, ov, tarixi və dini turizm sahələrində turistlərə yüksək səviyyədə xidmət təklif olunur. Qərblə Şərqin ekzotikasını özündə birləşdirən Azərbaycanda turistlərin həm Qərb, həm də Şərqi hiss etmələri üçün bütün imkanlar mövcuddur.
Sonra ölkəmizdə hotellər, qiymətlər və xidmətlər haqqında jurnalistlərin suallarını cavablandıran nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olduğunu bildirdi. Rusiya KİV-lərinin də bu məsələdə tərəfsiz mövqe tutmalarına, həqiqətləri əks etdirəcəklərinə əminliyini ifadə etdi.
Qeyd edək ki, ölkəmizə səfərə gələn Rusiya nümayəndə heyətinə “RİA Novosti”, “My way”, “National Geographic”, “Cosmopolitan”, “Otdoxni” jurnallarının, “RİA Novosti”, “Vesti.Turizm”, “Komsomolskaya pravda”, “Exo Moskvi”, “Moskovsakaya pravda- travel.ru”, “Qazeta.ru”, “TTG” və “100 doroq” qəzetlərinin əməkdaşları daxildir. Səfər çərçivəsində Bakı, Şəki, Naftalan şəhərlərinə və Şamaxı, Qəbələ, Göygöl rayonları ilə tanışlıq keçirilmişdir.
Xatırladırıq ki, bu səfərin təşkilində Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən dəstək göstərilmişdir.
Mənbə:> AzNews.info