Levon Ter-Petrosyan:“Ermənilərin azərbaycanlılara yalvaracağı vaxt artıq yetişib”
Gələcəkdə Azərbaycan çox güclənəcək və vaxt gələcək ermənilər azərbaycanlılara yalvaracaq. Bu sözlərin müəllifi Levon Ter-Petrosyan indi Ermənistanda xilaskar kimi müraciət olunan şəxsə çevrilib. Sarqsyan vaxtilə ideoloji sələfi Koçaryanla birgə devirdiyi eks prezidentə pənah apararaq, çıxış yolları axtarır. Ətraflı Balabəy Süleymanlının təhlilində...
Ermənistan prezidenti Serj Sarqsyan ölkəsindəki vəziyyəti müzakirə etmək üçün sələfi, bir vaxtlar taxtından devirdikləri Levon Ter-Petrosyanla görüşüb. Bu həmin Ter-Petrosyandır ki, Sarqsyanın da daxil olduğu müxalif düşərgəsi sabiq prezidenti ölkəsini Azərbaycan qarşısında “təslimçi saziş” imzalamağa cəhddə ittiham edirdi. Levon Ter-Petrosyanın həmin dövr üçün ağıllı siyasətçi olduğu faktı gün kimi aydındır. Levon Ter-Petrosyanın həmin dövrdə “vaxt gələcək azərbaycanlılara yalvaracağıq” fikri indi bir kabus kimi dolaşmaqdadır. Bu kabus artıq Sarqsyanı qarabaqara izləyir. Ermənistan son hərbi kampaniyada nəinki ordusunun gücsüzlüyü, həm də diplomatik cəbhədə üzləşdiyi uğursuzluqla üz-üzə qaldı. İşğal etdiyi torpaqlarda növbəti dəfə təxribat törətməyə cəhd edərkən Sarqsyan rejimi bu dəfə əvvəlkindən daha kəskin cavab aldı. Ermənistanın gələcəyini etibar etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri belə vahid mövqe nümayiş etdirə bilmədi. Əksinə, təşkilatın ayrı-ayrı üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng vuraraq dəstəklərini ifadə etdilər. Əslində Prezident İlham Əliyev hər çıxışında dünya ictimaiyyətini Sarqsyan rejiminin bu siyasətlə xalqı uçuruma apardığı, sadə xalqı təhlükəyə sürüklədiyi barədə xəbərdarlıq edir. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi barədə dünyaya mesajlar göndərir. İndiki reallıq beynəlxalq ictimaiyyət adlandırdığımız BMT, ATƏT və digər təşkilatların Azərbaycanın artan iqtisadi-hərbi potensialı barədə olan məlumatların əhəmiyyətini anlamadığından xəbər verir. Bu da Azərbaycanın haqlı səsinə illərdən bəri qulaq asmağı özünə rəva bilməyən Ermənistanın üzləşdiyi reallıq. Bu reallığı indi Rəsmi İrəvan da qəbul edir, Qərb də, Şərq də.... Əgər, Ermənistana və havadarlarına bu reallığı qəbul etmək üçün əsgərlərinin ölümünü görmək vacib idisə deməli, İrəvanda doğurdan da hakimiyyəti saxlamaq üçün qurbanlar verməyə hazır olan rejim var. Və bu rejim indi regionda böyük təhlükə mənbəyinə çevrilib. Nə qədər ziddiyətli olsa da bu barədə dünyanı Azərbaycan xəbərdar edir. Erməni xalqını Sarqsyanın zülm sistemindən azad etmək üçün Azərbaycan çalışır.
Mənbə:> Brifinq.az