Azərbaycan Avronestlə əməkdaşlığa başlayır
Bu gün bir qrup Vətəndaş Cəmiyyəti nümayəndələri Avronest Parlament Assambleyasının prezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautala ilə görüşüblər.
Axar.az xəbər verir ki, görüşdə Avropa Şərq Tərəfdaşlığı Forumunun Azərbaycan üzrə Milli Koordinatoru Əvəz Həsənov, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu, German Marşal Fondunun Azərbaycan üzrə direktoru Mehriban Rəhimli, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov və Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhramanlı iştirak ediblər.
Vətəndaş cəmiyyəti nümayəndələri Avronest ilə əməkdaşlığın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Azərbaycanın avrointeqrasiya istiqamətində səylərinin dəstəklənməsi, ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olunması, ölkənin iqtisadi qanunvericiliyi və siyasətinin Avropa ilə uyğunlaşdırılması, insan haqlarının qorunması və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasında Avronestlə əməkdaşlığa ciddi ehtiyacın olduğunu bildiriblər. Eyni zamanda, beynəlxalq donorların Azərbaycanda qeydiyyatı və QHT-lərin son illərdə xaricdən maliyyə alınması ilə bağlı problemlərə toxunulub.
Xanım Hautala müzakirələr zamanı təmsil etdiyi qrumun Azərbaycanla əməkdaşlığına önəm verdiyini vurğulanıb. Bu əməkdaşlıqdan ən çox ölkə vətəndaşlarının bəhrələnəcəyinə diqqəti yönəldilib.
Mənbə:> Axar.az