İslam ölkələri Qarabağı müzakirə edəcəklər
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibliyi 10-15 aprel tarixlərində İstanbulda keçiriləcək 13-cü İslam sammitinə hazırlıqları başa çatdırıb.
Oxu.Az bu barədə təşkilatın saytına istinadən xəbər verir.
Sammitin gedişatında “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmirdə, Bosniya və Herseqovinada vəziyyət, eləcə də Azərbaycana qarşı erməni təcavüzü kontekstində Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Sammit iştirakçıları, həmçinin İƏT-ə daxil olmayan ölkələrdə müsəlman icmalarının vəziyyətini, terrorizm ilə mübarizə məsələsini nəzərdən keçirəcəklər.
Sammit zamanı təşkilatın üzv ölkələrinin inkişafı, İƏT üzvləri arasında səhiyyə, ali təhsil və ətraf mühitin müdafiəsi sahəsində elmi, mədəniyyət, cəmiyyət və KİV sahəsində əməkdaşlığın təminatı, eləcə də humanitar vəziyyət, yoxsulluğun səviyyəsinin azaldılması və İƏT üzvlərinin infrastrukturunun inkişafının müzakirə edildiyi görüşlər keçiriləcək.
Sammitin nəticələrinə görə, İstanbul deklarasiyasının imzalanacağı, eləcə də beynəlxalq arenada strukturun siyasi prioritetlərini müəyyənləşdirəcək bir sıra qətnamələrin qəbul ediləcəyi gözlənilir.
İƏT-ə üzv ölkələrinin birinci xanımları sammit çərçivəsində “İƏT üzv ölkələrində xəstəliklər ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda xüsusi sessiya keçirəcəklər.
Sammitin müqəddiməsi yekun kommünikeni və İstanbul deklarasiyasını hazırlayacaq, İƏT üzv ölkələrinin xarici işlər nazirlərinin və yüksək vəzifəli şəxslərin görüşü olacaq.
Mənbə:> Oxu.Az