Polkovnik: Ermənilər Donbasda ölənləri Azərbaycan əsgərləri kimi təqdim edirlər
Aprelin 1-dən təmas xəttində Azərbaycan mövqelərini atəşə tutan, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində çoxsaylı itkilər verən ermənilər yenidən təxribat xarakterli hərəkətlər edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.
Qurum rəsmisi deyib ki, öz itkilərini ört-basdır etmək istəyən ermənilər sosial şəbəkələrdə Ukraynada öldürülən əsgərlərin meyitlərini yaymaqla guya Azərbaycan əsgərlərini öldürdüklərini iddia edirlər:
“Amma bu, tam təxribatdır. Onların əlində heç bir fakt olmadığından bu üsula əl atırlar. Ermənilər təxribatla məşğuldurlar. Onların əlində heç bir imkan yoxdur. Yalnız yalan məlumatlar yaymaqla məşğuldurlar. Sosial şəbəkələrdən Azərbaycana aidiyyəti olmayan fotoları götürüb yaymaqla məşğuldurlar”.
V.Dərgahlı bildirib ki, hər şeydən əlləri üzülən ermənilər indi də Azərbaycan Silahlı Qüvvələrinin guya dinc erməni əhalisinə qarşı amansızlıq və zorakılıq etməsi barədə yalan məlumatlar yayırlar:
“Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yalnız işğal olunmuş ərazilərimizə silahla soxulmuş ermənilərə qarşı mübarizə aparırlar. Ermənilərdən fərqli olaraq Azərbaycan əsgəri mülki əhaliyə qarşı heç bir zor tətbiq etmir”.
Mənbə:> www.oxu.az