“Soyqırım memorial kompleksi”-ni 20 mindən artıq insan ziyarət etdi – FOTO
Ötən əsrin əvvələrində Bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizlənmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Səlyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılmış, Quba şəhərinin özü talanlara və yanğınlara məruz qalmış, qəzanın müsəlman və qismən də yəhudi əhalisi isə kütləvi şəkildə qətillərlə üzləşmişdir.
AzNews.info xəbər verir ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsədüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur.
Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılması haqqında 30 dekabr 2009-cu il tarixli sərəncam imzalamışdır. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilmişdir
Mənbə:> AzNews.info