İntiqam Əliyev azadlıqda – YENİLƏNİB
Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, Ali Məhkəmə plenumunun İntiqam Əliyevlə bağlı bu gün qəbul etdiyi qərar icra olunub.
İ. Əliyevin oğlu Nəcmin Kamilsoy jurnalistlərə bildirib ki, onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi atasının azadlığa buraxıldığını deyib.
13:53
“Hüquq Maarifçiliyi Cəmiyyəti”in sədri İntiqam Əliyev azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, bu gün Ali Məhkəmədə Baş Prokurorluğun “Hüquq Maarifçiliyi Cəmiyyəti”in sədri İntiqam Əliyevin qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protestinə baxılıb.
Məhkəmə qapalı keçirilib, vəkillərdən başqa içəri heç kim buraxılmayıb. İntiqam Əliyev iclasa gətirilməyib.
Baş Prokurorluğun kassasiya şikayətini baş prokuror Zakir Qaralovun müavini Namiq Əsgərov müdafiə edib.
Məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib. İntiqam Əliyev Ali Məhkəməyə kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb.
Bir neçə gün bundan öncə Baş Prokurorluq İ.Əliyev barəsində cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib.
Mənbə:> Oxu.Az