Tramp səkkizinci dəfə baba oldu
ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə baba olub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, milyarderin Cared Kuşner ilə nikahda olan qızı İvanka Tramp üçüncü övladını dünyaya gətirib.
O, adını Teodor Ceyms qoyduğu oğlunun dünyaya gəlməsi barədə Twitter-dəki mikrobloqunda bildirib. Onun sözlərinə görə, o, həyat yoldaşı ilə “həddən artıq xoşbəxtdirlər”.
Seçkiqabağı kampaniyada qızının hamiləliyini dəfələrlə xatırladan Donald Tramp, səkkizinci nəvəsinin dünyaya gəlməsinə dair hələlik heç bir bəyanat verməyib.
İvanka Tramp – sahibkar, fotomodel və yazıçıdır. O, inşaat maqnatı Donald Trampın çexiyalı idmançı və fotomodel İvana Zelniçkova-Tramp ilə nikahından dünyaya gələn üç övladından biridir.
ABŞ prezidentliyinə potensial namizədin ümumilikdə beş uşağı var. Hazırda 69 yaşlı siyasətçi 45 yaşlı slveniyalı fotomodel Melanye Knaus-Tramp ilə evlidir.
Keçən ilin iyun ayında Tramp ABŞ prezidentliyinə Respublika partiyasından 2016-cı il seçkilərində namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Hazırda o, eyni partiyadan olan namizədlər arasında liderdir.
Mənbə:> Oxu.Az