Qarabağda sülh və müharibə versiyası: Putin Sarkisyanı niyə çağırır? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Qarabağda sülh və müharibə versiyası: Putin Sarkisyanı niyə çağırır? – TƏHLİL

Qarabağda sülh və müharibə versiyası: Putin Sarkisyanı niyə çağırır?


Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da Rusiyaya işgüzar səfərə yollanacaq. Bu haqda Rusiya mediası İrəvandakı diplomatik mənbəyə istinadən xəbər verib. Adətən, Putinin Sarkisyanı dəvət etməsi Kreml rəhbərliyinin ciddi tapşırıqları ilə bağlı olur.

Regionda yaşanan son siyasi proseslər fonunda da Sarkisyanın Rusiya səfəri fərqli olmayacaq. Lakin Kreml rəhbərinin İrəvana hansı tapşırıqları verəcəyi maraqlıdır. Dağlıq Qarabağ məsələsinin əsas gündəm olacağı şübhəsizdir. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın səfərdən bir gün öncə “Kommersant” nəşrinə geniş müsahibə verməsi və Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırması da bunu deməyə əsas verir.

Dağlıq Qarabağ: sülh və müharibə versiyası

“Dağlıq Qarabağ münaqişəsi müharibə astanasında”, yaxud “Qarabağda müharibə qaçılmazdır” kimi ehtimallar, iddialar son dövrlər medianın gündəmindədir. Xüsusilə rusiyalı ekspertlər bu ehtimalı tez-tez ortaya atırlar. Misal üçün, Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov son müsahibəsində Qarabağda müharibənin qarşısını almağın çətin olacağını bildirdi. Türkiyə-Rusiya münaqişələrinin gərginləşməsi belə ehtimalları daha da artırıb.

Bu baxımdan, Sarkisyanın Kremldə Qarabağla bağlı tapşırıqlar alacağı şübhəsizdir. Burada iki mühüm aspekt nəzərdən qaçmır.

1. Hesab etmək olar ki, Moskva Qarabağda artan gərginlikdən narahatdır. Rusiya Yaxın Şərqdə döyüşərkən sərhədləri dibində “ikinci cəbhə”nin açılmasını istəmir və bunun üçün münaqişə tərəflərini masaya dəvət edir.
Bu kontekstdə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Bakı səfəri diqqət çəkir. Vladimir Putin bir neçə gün öncə Karasini Azərbaycana göndərərək, rəsmi Bakını müharibədən çəkinməyə dəvət edib. Sarkisyanın Moskvaya dəvəti də eyni məqsədə xidmət edir.
Moskvanın 2014-cü ilin “avqust müharibəsi”ndən sonra prezidentləri Soçidə bir araya gətirməsi və gərginliyin azaldılması təcrübəsi var. Görünür, Rusiya eyni təcrübəni təkrarlamaq niyyətindədir. Bu həm də Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü Qərbin əlinə verməmək gedişidir. Hansı ki, ABŞ münaqişənin həlli üçün son dövrlər fəallığını artırıb, yaxud belə bir görüntü yaradır. Hər iki tərəf – ABŞ və Rusiya Cənubi Qafqaza hakim olmaq üçün Bakını yanına çəkməyin vacib olduğunu anlayır. Onlar həm də anlayır ki, Bakı yalnız ərazi bütövlüyünün bərpası halında tərəf seçəcək.
“Hər şey bu qədər sadədir” deyə bilərik. Lakin Türkiyənin Rusiya ilə üz-üzə gəlməsi, İrana qarşı sanksiyalar aradan qalxandan sonra Tehranın regional güc olmaq uğrunda hərəkətə keçməsi, ABŞ-ın Azərbaycana marağının artması və hər bir tərəfin Dağlıq Qarabağ münaqişəsindən siyasi maraqlar üçün istifadə etməyə çalışması indiyə qədərki “sadə düsturu” mürəkkəbləşdirir.

2. Mürəkkəbləşən regional situasiya fonunda Sarkisyanın Moskvaya çağırılması ikinci aspekti önə çıxarır. Kreml İrəvana cəbhə xəttində şiddəti artırmaq tapşırığı verəcək.
Azərbaycan Türkiyə-Rusiya gərginliyində qardaş Ankaraya öz dəstəyini nümayiş etdirdi. Bununla yanaşı, Londonda “Suriya və regiona dəstək” humanitar konfransda iştirak etməklə Yaxın Şərq böhranında dolayısı ilə mövqeyini ortaya qoydu. Azərbaycan rəhbərliyinin bu manevrlərini Rusiya mediası “Moskva Bakını itirir” deyə təqdim etdi. Bunun ardınca, ABŞ-ın Azərbaycanla “buzları əritmək” üçün atdığı addımlar regionda Rusiya maraqlarının qarşısını kəsir. Artıq Bakı Rusiyanın Dağlıq Qarabağ münaqişəsində müsbət addım atmayacağını anlayır. Xüsusilə bir sıra cəbhələrdə müharibə aparan Moskvanın hazırda buna ayıracaq nə vaxtı, nə də marağı var. Rusiyanın Ermənistana hərbi texnika verməsi də Kremlin münaqişəyə dair mövqeyini bir daha göstərdi. Belə bir situasiyada Bakı haqlı olaraq öz milli maraqlarının tələb etdiyi kontekstdə çıxış etməlidir. Moskva hazırda Bakıya verməyə heç nəyi olmasa da, onu itirmək də istəmir. Belə olanda “təzyiq dili” işə düşür.

Ehtimal etmək olar ki, Karasin Bakıya Kremlin müəyyən istəklərini gətirmişdi və hansısa məsələlərdə razılıq əldə olunmayıb. Sarkisyanı Moskvaya dəvət edən Kreml də Dağlıq Qarabağ üzərindən Azərbaycana təzyiq etmək niyyətindədir. Hər-halda Sarkisyanın sabah nəzərdə tutulan Moskva səfərindən sonra cəbhədəki situasiyanın hansı istiqamətdə inkişafı birinci, yoxsa ikinci aspektin doğru olacağını göstərəcək.

“Bakı-Ankara-Tehran” ittifaqına qarşı “Kreml-İrəvan” həmləsi

Putinin Sarkisyana verəcəyi tapşırıqlar arasında ən çox ehtimal olunan məsələlərdən biri də Bakı-Ankara-Tehran üçlüyünün yaranmasına dair gözləntilər ola bilər.

İran üzərindən sanksiyalar aradan qalxandan sonra bu ölkəni qazanmaq üçün regional mübarizə qızışdı. Azərbaycan lideri İlham Əliyev çoxlarını qabaqlayaraq diplomatik manevrlərini işə saldı və Tehran səfəri ilə İran-Azərbaycan münasibətlərinin gələcək mərhələsini konkretləşdirdi. İranın Suriya məsələsində Rusiyanın yanında olması regionda “Bakı-Moskva-Tehran” ittifaqının yaranmasına dair iddiaları gücləndirdi. Bu Ermənistanı proseslərdən kənarda qoymaq gedişi idi, lakin həm də Türkiyəyə qarşı olan addım kimi təqdim olunurdu və Moskva belə bir ittifaqdan məmnun görünürdü.

Türkiyə baş naziri Əhməd Davudoğlunun İrana səfəri isə regional situasiyanı dəyişdi və “Bakı-Ankara-Tehran” üçlüyünün ittifaq yaratması ehtimalını önə çıxartdı. Təbii ki, İranın regionda Türkiyə ilə toqquşması, Suriya məsələsində ciddi fikir ayrılığının olması, eləcə də Yaxın Şərqdə baş verən proseslərdə və Səudiyyə Ərəbistanı ilə toqquşan maraqlarda Tehran-Moskva maraqlarının çarpazlaşması “Bakı-Ankara-Tehran” ittifaqının yaranması ehtimalını zəiflədir. Lakin Davudoğlunu Tehranda qarşılayan Həsən Ruhaninin “Suriya məsələsində maraqlarımızın eyni olması bizim Rusiyanı həmişə dəstəkləyəcəyimiz demək deyil” tezisini irəli sürməsi və Türkiyəyə dair müsbət mesajlar verməsi proseslərə fərqli baxışı ortaya qoydu. Deməli, Moskva və Tehranın toqquşan maraqları çarpazlaşan maraqlardan daha çoxdur. Belə olan halda “Bakı-Ankara-Tehran” ittifaqının perspektivinə dair ümidləri artırır. Bu ittifaqa Tiflisi də əlavə etsək, regionda Rusiyaya qarşı daha böyük gücün yaranması deməkdir.


Belə bir situasiyada Sarkisyanın Kremlə dəvəti Rusiyanın regionun dəyişən siyasi tarazlığında “Kreml-İrəvan” ittifaqını gücləndirmək və yeni nizam formalaşdırmaq gedişidir.

Bakıda sonra İran, Türkiyə və Gürcüstana qarşı: Sarkisyan nəyin hesabatını verəcək?

Sarkisyanın səfərində üçüncü istiqamət Gürcüstanın Azərbaycanla enerji razılığına gəlməsi ola bilər. Rusiya “Qazprom”u Gürcüstan bazarına salmaqla Azərbaycanın Qərbə yolunu kəsmək, Ermənistanla quru yolunu təmin etmək və beləliklə regiona tamamilə hakim olmaq istəyirdi. Lakin Bakının manevrləri Kremlin planlarını alt-üst etdi.

Rusiyanın Gürcüstan həmləsinin boşa çıxması ilə Tiflisin Bakı-Ankara-Tehran oxuna tərəf çevrilməsi və Moskvanın mövqelərinin zəifləməsi baş verdi. Hazırda Rusiyanın şahmat taxtasında bircə piyadası – Ermənistan qalıb və hər an İran bu piyadanı onun əlindən ala bilər. Çünki Gürcüstan gedişinin iflas olması Ermənistanı məcburi olaraq İrana yaxınlaşdıracaq. Tehran üçün şahmat taxtasında pat vəziyyətinə düşmüş Rusiya şahını endirmək gələcək regional maraqları üçün əhəmiyyətlidir.


Belə görünür ki, Sarkisyanı Moskvaya dəvət edən Kreml son kartlarını oyuna soxur.

a) Moskva Ermənistanın İran çətiri altına düşməməsi üçün Sarkisyanla üzbəüz təmas quraraq, tapşırıqlarını birbaşa onun qulağına pıçıldayır. Bu həm də Sarkisyana “mərkəzdənqaçma” halında onu gözləyən acınacaqlı taleyi aydın ifadə etməkdir.

b) Moskva Cavaxetiya erməniləri kartından istifadə edərək, Ermənistanı Gürcüstan qarşı da qaldıra və Tiflisə təzyiq edə bilər.

c) Ermənistan-Türkiyə sərhədində hansısa yeni hərbi hərəkətliliyin artması üçün birbaşa danışıqlar aparıla bilər. Bu Moskva üçün həm Türkiyənin Azərbaycan üzərindən Cənubi Qafqaza girişinə qarşı alternativ addım imkanı yaratmaqdır. Yəni Türkiyə regiona dair açıq həmlələrə əl atacaqsa, Rusiya həm Dağlıq Qarabağ üzərindən Ankaranın qardaşı Bakını, həm də Ermənistan üzərindən Türkiyənin özünü hədəfə ala bilər. İrəvan kulislərində Rusiyanın Ermənistanı Türkiyəyə qarı planlarına daxil etməklə fəlakətə sürüklədiyi haqda pıçıltılar artıq mediaya sızmaqdadır. Hesab etmək olar ki, Vladimir Putin Sarkisyandan bu pıçıltıların da cavabını istəyəcək.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *