Avropa Parlamenti Putinə qarşı sanksiyalara çağırır
Avropa Parlamentinin bir sıra deputatları Avropa İttifaqını Rusiya prezidenti Vladimir Putin və daha 28 nəfərə qarşı personal sanksiyalar tətbiq etməyə çağırıb.
Deputatlar səbəb kimi ukraynalı təyyarəçi Nadejda Savçenkoya qarşı qanunsuz hərəkətləri göstəriblər.
AzNews.info xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” parlamentarilərin martın 8-də Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə göndərdiyi məktuba istinadən xəbər yayıb.
Sənədi Avroparlamentin 57 deputatı imzalayıb.
Məktubda qeyd olunur ki, Rusiya prezidenti və digər şəxslərə qarşı personal sanksiyalar Aİ-yə girişin qadağan olunması, aktivlərin dondurulması və onların Avropa İttifaqı ərazisindəki bütün əmlakının müsadirə edilməsini özündə birləşdirməlidir.
Hazırda Rusiya ərazisində mühakimə olunan ukraynalı təyyarəçi Nadejda Savçenko iki və daha artıq insanın öldürülməsinə yardım etməkdə və Rusiya sərhədini qanunsuz keçməkdə günahlandırılır.
İstintaqın məlumatına görə, o, 2014-cü ildə Luqansk vilayətində separatçıların blokpostunun olduğu ərazinin gizli müşahidəsini aparıb və artilleriya atəşini yönləndirib. Atəş nəticəsində telejurnalistlər İqor Kornelyuk və Anton Voloşin həlak olub.
Rusiya tərəfi Savçenkonu 23 il azadlıqdan məhrum etməyi istəyir.
Mənbə:> Azadlıq Radiosu