İlham Əliyev Gəncədə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Sosial

İlham Əliyev Gəncədə

İlham Əliyev Gəncədə


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib.

AzNews.info-nun AzərTac-a istinadən verdiyi xəbərə görə, ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də kənd təsərrüfatıdır.

Bu sahədə peşəkar kadrların hazırlanmasında, uğurlu layihələrin həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universiteti mühüm yer tutur. İndiyədək bu ali təhsil ocağı Azərbaycan, eləcə də dünya aqrar elmi üçün yüzlərlə alim və mütəxəssis yetişdirib. Bu ali təhsil ocağı həm də ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların mühüm mərkəzi hesab olunur.

Azərbaycan dövləti də bu ali təhsil ocağının professor, müəllim və tələbə heyətinə daim diqqətlə yanaşıb, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına, yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə həssaslıqla yanaşır. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının inşası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Yüksək zövqlə və keyfiyyətlə tikilmiş bina tələbələrin sosial məsələlərinin həlli baxımından mühüm əhəmiyyətə malikdir. Burada təhsil müddətində tələbələrin yaşaması və dərsdən sonra istirahətləri üçün bütün imkanlar var. Bu ali təhsil ocağının tələbələri də onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onlar istər respublika, istərsə də dünya əhəmiyyətli bilik yarışmalarında ölkəmizi və təhsil aldıqları universiteti layiqincə təmsil edirlər.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsib.

Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.

Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib.

Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda kərpiclə üzlənib.

Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi hiss etməyə imkan verəcək.

Dövlət başçısı bu gün Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən peşəkar və güclü ordularından birinə çevrilib. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir.

Bu sahədə daha bir mühüm addım atılıb. Gəncə şəhərində hərbi qulluqçular üçün şəhərcik inşa olunub. Bütün lazımi şəraitlə təchiz edilmiş belə müasir şəhərciyin salınması hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ordumuzun qüdrətinin artmasına da mühüm təsir göstərir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısına məlumat verilib ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır.

Mənzillər su, işıq, qaz və “kombi” istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb. Yaşayış kompleksinə gedən “28 May” prospekti yenidən qurulub, işıq dirəkləri təzələnib.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış olub.

Dövlətimizin başçısı hərbçilərin ailə üzvləri ilə görüşüb.

Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *