İlham Əliyev Kürdəmirdədir » AzNews.info -Xəbər portalı

İlham Əliyev Kürdəmirdədir – YENİLƏNİB

İlham Əliyev Kürdəmirdədir


Sentyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, İlham Əliyev həmçinin Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında da iştirak edib.

15:58

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb.

İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

İlham Əliyev həmçinin Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin də açılışında iştirak edib.

15:03

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezident İlham Əliyevə həmin parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

Sonra, prezident İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında da iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib.

Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.

Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.

Möhtəşəmliyi ilə diqqəti cəlb edən Bayraq Meydanı kürdəmirlilər və rayona gələn qonaqların hər birinin qəlbində iftixar və qürur hissi oyadır. Bütövlükdə, geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl yerlərindən birinə çevrilib.

Daha sonra, İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *