Ohanyanın növbəti yalanı
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün kəşfiyyatçı günü ilə əlaqədar Kənəkirdə yerləşən hərbi hissədə keçirilən bayram tədbirindən sonra jurnalistlərlə Azərbaycan Silahlı Qüvvələri tərəfindən noyabrın 12-də vurulmuş vertolyotun ekipaj üzvlərinin qalıqlarlarının təxliyyəsi məqsədi ilə guya xüsusi əməliyyat keçirildiyini bildirib.
ANS PRESS-in məlumatına görə, o deyib: "Komandirlə söhbət etmişəm. Qonşularımızın sərt mövqeyi ucbatından və Azərbaycan humanizm normalarından imtina etdiyi üçün müdafiə ordumuz xüsusi əməliyyata təşəbbüs göstərib. Hərbçilərimiz vertolyotun düşməsinin yerinin kəşfiyyatını aparıb, ölən hərbi qulluqçulardan biri təxliyyə edilib".
Erməni nazir "cavab tədbirləri planlaşdırılırmı" sualına isə belə cavab verib: "Əgər təxribatlar davam edərsə, onda cavab addımları atılacaq. Mən həmişə və indi də deyirəm ki, istənilən belə vəziyyətdə ən azı buna uyğun cavab veriləcək. İndiki halda, biz ön planda xidməti gücləndiririk. Bu, təxribat törətməyə çalışanlar qarşı yönəldiləcək. Biz istənilən təxribatın qarşısını almağa hazırıq".
Erməni nazirinin səsləndirdiyi fikrlər reallıqla dabandabana zidd gəlir və bunun ölkədaxili vəziyyətə hesablandığı məlum olur. Çünki, onların dediyi kimi, müdafiə ordusunun əməliyyatı olsaydı ortada dəlil-sübut, görüntü olardı. Digər tərəfdən, bu baş versəydi bir meyit yox, elə üç meyit təxliyyə olunardı və ermənilər bu "qəhrəmanlıqlarını" dünyaya car çəkərdilər. Həmçinin təşəbbüs göstərmək, hələ nəyəsə nail olmaq demək deyil. Demək ki, bu, uydurma bir əməldir və erməni nazir xalqın gözündən pərdə asmaqla məşğuldur.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir: "Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır".
Mənbə:> ANSPRESS