XİN-dən Rusiya telekanalının Azərbaycana qarşı təxribatına MÜNASİBƏT
“Zvezda” teleradio şirkətinin efirində 28 yanvar 2016-cı il tarixində getmiş xəbərdə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi təəssüf və narahatlıq doğurur.
AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən sözügedən məsələ ilə əlaqədar narazılıq “Zvezda” teleradio şirkətinin rəhbərliyinə çatdırılacaq və bu yanlışlığın aradan qaldırılması üçün tədbirlər görüləcək:
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin teleradio şirkəti olan “Zvezda”-nı Azərbaycan və Rusiya arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələrini və həmçinin, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində oynadığı rolunu nəzərə alaraq, gələcək fəaliyyətində Azərbaycan üçün həssas olan bu kimi məqamlara xüsusi diqqətlə yanaşmağa çağırırıq”.
Xatırladaq ki, “Zvezda” telekanalının saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.
“Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.
Mənbə:> APA