XİN Lavrovun Bakı səfərinin məqsədini açıqladı
Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar həmsədrlərin hazırladığı yenilənmiş Madrid prinsipləri 2010-cu ildə ATƏT-in Baş katibinə saxlanma üçün təqdim olunub.
AzNews.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Hacıyev qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi üçün irəli sürülən ideyalar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təklifləri vardır.
Bildirilib ki, bu təkliflərin müzakirəsi üçün S.Lavrov Azərbaycana və Ermənistana səfərlər edib, hər iki ölkənin Prezidentləri və xarici işlər nazirləri ilə müzakirələr aparıb.
Hacıyevin sözlərinə görə, bu xüsusda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskvaya səfər edib.
Rusiyanın xarici işlər naziri bu gün Moskvada mətbuat konfransı zamanı münaqişə ilə bağlı sənədlərin ATƏT-in baş katibinə verildiyini və münaqişənin həlli ilə əlaqədar digər sənədlərin olmadığını bildirib.
Mənbə:> Trend