Rəsul Quliyev Etimad Hokumətinin yaradılmasından danışdı
Obyektiv analizləri ilə çox saylı ziyalı oxucu kütləsinə malik olan, demək olar ki, həmişə proqnozları düz çıxan, Azərbaycan parlamentinin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin Xeber24.info-ya verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Neçə illərdir passivlik etalonu təəssüratı bağışlayan insanlar qiymətlərin bahalaşmasına etiraza qalxıblar. Bir neçə gün əvvəl siz hökuməti hərəkətə gətirmək üçün insanları heç olmazsa passiv etirazlara çağırmışdınız. Bu etirazları sizin dediyiniz passiv etirazlar hesab etmək olarmı?
- Fikrinizcə, bu ölkədə iqtisadi-sosial vəziyyətin ağır olduğu bir vaxt davamlı ola bilər? Cavab ilk növbədə passiv etirazla aktiv etirazın fərqini bilmək lazımdır. Passiv etirazlar siyasi tələblər (məsələn, prezidentin və ya hansı isə nazirin istefası tələbi) irəli sürmür. Konkret zamanda konkret baş vermiş hadisəyə etirazını bildirir və aradan götürülməsini tələb edir. Ona görə də dünən, bu gün baş verənlər passiv etirazlar kateqoriyasına aiddir. Ancaq passiv etirazların aktiv etirazlara keçməsi qəfildən və çox tez baş verə bilər. Asılıdır hökumətin reaksiyasından. Məsələn, hökumət heç bir tədbir görməsə və ya etirazçılara qarşı repressiyalar tətbiq etsə, bu etirazlar xarakterini dəyişər. Çaşqınlıq vəziyyətində olan hökumətin repressiyalara üstünlük verməsi etirazların istiqamətini dəyişəcək. Hökumət qiymətlərin artmasının qarşısını almaq şansını itirib. Qısa müddətə bu və ya başqa ərzaq malının qiymətini süni surətdə aşağı salması və ya stabil saxlaması müvəqqəti xarakter daşıyacaq, bir müddətdən sonra qiymətlər yenidən daha böyük sürətlə qalxacaq. Ölkədə nəzarət yolu ilə qiymətləri müəyyən səviyyədə saxlamağın ağır nəticələrlə qurtardığı dünyanın son 100 illik tarixində ABŞ-dan tutmuş Yaponiyaya qədər bir çox ölkələrdə sübuta yetirilib, bunu yenidən Azərbaycanda sınaqdan çıxarmağa dəyməz. Hökumətin elan etdiyi tədbirlərdən birincisi monopoliyanı ləğv etmək idi. Monopoliyanı ləğv etmək fikirində olan qiymət tənzimləməyə can atmaz, monopoliyanı real ləğv edir. Bazar iqtisadiyyatı işə düşər. Malların qiyməti ola bilər bir həftə və ya bir ay qalxsın. Ancaq sonradan azad rəqabətə görə qiymətlər aşağı düşəcək, çox ehtimal indiki səviyyədəndə aşağı gedəcək. İndi ən düzgünü hökumətin xalqın qarşısına çıxıb nə üçün qiymətlərin qalxmasının qarşısını ala bilmədiyinin səbəblərini və buraxdığı səhvləri boynuna almalıdır. Un , çörək ,ət ,yağ və başqa ərzaq məhsulları satanlardan kimlərisə asıb kəsəcəyəm və qiymətləri aşağı salacağam kimi primitiv və əks reaksiya verəcək populist addımlardan çəkinməlidir. Real və konkret vəziyyətdən çıxmaq üçün hansı işləri görəcəyini camaata çatdırmalıdır. Məsələn “tapşırıq vermişəm kənd təsərrüfatı məhsullarının istehsalı artsın” kimi şüarların heç bir əhəmiyyəti yoxdur. Hər il bir neçə dəfə belə komandalar verilir, məgər nəticədə məhsul artırmı? Ölkədə hakimiyyətdən bəhrələnlərin sayı təqribən yarım milyona yaxındır. Yəni 100 minə yaxın korrupsiya və rüşvətin içərisində olan müxtəlif səviyyəli bürokratlar və onların ətrafları ailə üzvləri ilə birlikdə yarım milyona yaxındır. Bu insanlar hələ ki, hakimiyyətin müdafiəçiləridir və təşkilatlandıqları üçün böyük qüvvədir. Qiymətlər qalxandan sonra (bu artım davamlı, ayda ən azı 5% olacaq) elementar yaşayış səviyyəsini itirənlərin sayı böyük sürətlə artmağa başladı. Yəni Azərbaycanda 500 min dilənçi səviyyəsində yaşayanların sayı çox qısa müddətdə 1 milyonu keçdi və hər gün ən azı 100 min artır. Dilənçi səviyyəsində yaşayanların sayı əvvəl sürətlə artacaq, sonra artım zəifləyəcək, yaxın 3-4 aya 2 milyona çatacaq. Qiymətlər artmağa başlayandan bu günə qədər hökumət ölkəni nə vəziyyətə düşdüyünü səthi olsa belə izah etməkdən ya çəkinir, ya da vəziyyətin ağırlığını anlamır. Bu çox səhv siyasətdir.
- Hökumət problemlərin həlli üçün hansı addımları atmalıdır? Məsələn, bunun üçün iqtidara Etimad Hökumətinin qurulması, yaxud Xalq Qurultayının çağırılması təklifləri olub.
- Hansı Etimad Hökuməti qurmaqdan söhbət gedə bilər, təsəvvür etmək mənim üçün çətindir. Ölkədə müxalifət olmadığından xalqın kimə etimad göstərdiyini necə müəyyənləşdirmək olar? Ölkədə adları mövcud olan istənilən partiyadan soruşsan, xalqın ona etimad etdiyini iddia edəcək. Hətta fərdlər məsələn, mən özüm xalqın mənə etimadı hamıdan yuxarıdır deyəcəm. Ancaq bu, o cümlədən mənim iddiam subyektivdir, obyektiv xalqın etimadını müəyyənləşdirmək üçün demokratik seçki keçirilməli idi. Ağır vəziyyətlərdə Etimad Hökumətləri yaradılıb. Məsələn, II Dünya Müharibəsinin başlanığıcında İngiltərədə Baş nazir Çörçilin başçılığı altında Etimad Hökuməti yaradıldı və parlamentə keçmiş başqa partiyalardan hökumətə dəvət olundu. Yaxud 1950-ci illərdə Konrad Adenauer Almaniyada parlament partiyalarından Etimad Hökuməti yaratdı. Elə indinin özü kansler Merkel parlamentə keçmiş partiyalardan Etimad Hökuməti yaradıb. Deməli, Azərbaycanda Etimad Hökuməti adı altında hökumət yaratmağın təməli yoxdur. Yeni hökumət yaradılacaqsa, onu prezident yaradacaq və o hökumət Etimad Hökuməti statusunda ola bilməz. Xalq Qurultayı anlayışı və ilk dəfə real keçirilməsi Çingiz xandan başlayır. O, qurultayı nümayəndələr - ayrı-ayrı qəbilələr, uluslardan müəyyənləşdirib və toplantıda Çingiz xanı ümumi lider seçdilər. 200-300 il sonra Səfəvilər, Nadir şah da bu prinsiplə xalq qurultayı çağırdılar. Bəs, bizim xalq qurultayı hansı prinsiplər əsasında çağrılmalıdır? Rayon icra başçılarını yığıb qurultay keçiriləcək və o da xalq qurultayı adlandırılacaq, başqa variant var? Bilirsiniz, elə xalqın tanınmış ziyalılarının iştirakı ilə də qurultay çağırmaq kimi absurd ideyalarla heç bir şeyə nail olmaq olmaz. Kimlər və nəyə əsaslanıb bu ziyalının tanınmış o biri ziyalının tanınmamış olduğunu müəyyənləşdirir. Feodalizm və quldarlıq dövründə yaşamırıq Xalq Qurultayı keçirək. Bildiyiniz kimi, həmin Xalq Qurultayı Türkmənistanda Saparmurad Türkmənbaşı tərəfindən təsis olunub və indiyə qədər işləyir. Müasir dünyada Xalq Qurultayının bir adı var - xalqın iradəsi və səsi ilə seçilmiş parlament. Biz azərbaycanlılar mahiyyətinə varmadan pafosla danışmağı sevənlərik. Etimad hökuməti, Xalq Qurultayı - biz Məmmədquluzadə, Sabirin personajları olmaqdan xilas ola bilmirik... İlk addım olaraq, nə etmək olar? Korrupsiya və rüşvətə son qoymaq lazımdır. Belə bir qətiyyətli addım azı ildə 2 milyard dollar qənaət etməyə imkan verər. Korrupsiya və rüşvət bir çox ölkələrdə, o cümlədən Azərbaycanda piramida şəklindədir. Bunun fundamentində, bütün nazirliklərin ilkin obyektləri dayanır, yəni bir başa vətəndaşlardan pul yığanlar. Pul ötürmə prossesi hər növbəti pillədə rüşvətin miqdarının artması və rüşvət alanların sayının azalması ilə zirvədəki axırıncı daşa qədər davam edir. Məsələn, Daxili İşlər Nazirliyində piramidanın fundamentində 10000 polis işçisi camaat və biznesmenlərdən məsələn ayda 10 milyon dollar yığırsa və həmin on mində 1 milyon pul qalır, zirvəsində dayanana azı 8 milyon catır. DİN-də 120 min adamın işlədiyini nəzərə alsaq rejimi real dəstəkləyənlərin sayı 10 faizdən artıq deyildir. Hökumət bu piramidanı ən aşağıda yerləşmiş obyektlərindən sökmək istəyir. Ancaq təməl sökülərsə, piramida özü dağılacağını başa düşmür. Piramidanı aşağıdan sökmək nə deməkdir, yəni pulu toplayan birinci və əsas mənbəni ləğv etmək istəyir. Bu korrupsiya və rüşvəti təşkil edən ən çoxsaylı və ən az mənfəət götürənlərdir. Mübarizəni birinci onlardan başlamaq hökuməti dəstəkləyənlərin sayının ən azı 70%-ni etirazçıların tərəfinə keçirmək deməkdir. Məsələ ondadır ki, həmin o çox saylıların korrupsiya və rüşvətdə payı heç 5% də deyil. Əsas pay 70%-ə yaxın yuxarıdadır. Ona görə də hökumət ilk növbədə, korrupsiya, rüşvəti azaltmaq üçün özündən başlamalıdır. Bu heç bir investisiya tələb etmədən və tez nəticələnəcək ən real addımdır. O ki qaldı əsas məsələyə, yəni ölkənin neft və qazdan asılılığını aradan qaldırmaq məsələsinə, həyat səviyyəsini ilk beş ildə Türkiyə və sonrakı beş ildə məsələn, Polşa vəziyyətinə çatdırmaq, o çox böyük proqramdır, bir qəzet müsahibəsi ilə izah etmək mümkün deyil və bu hökumətə heç o lazım da deyil. Çünki bu komandanın içərisində nə onları başa düşən, nə də yerinə yetirən insanlar var.
Mənbə:> Xeber24.info