Helikopteri müzakirə etdilər

Ermənistan müdafiə naziri Seyran Ohanyan ABŞ-ın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Con Heffern ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, görüşdə Ağdam rayonu üzərində Ermənistan ordusuna məxsus Mİ-24 helikopterinin vurulması məsələsi müzakirə olunub. Həmçinin görüşdə helikopterdə həlak olan düşmən silahlı qüvvələrinin 3 pilotunun cəsədlərinin qaytarılması üçün beynəlxalq təşkilatların əlaqələndirilməsi imkanlarının da müzakirə olunduğu bildirilib.
Qeyd edək ki, Azərbaycan silahlı qüvvələri noyabrın 12-də qoşunların təmas xəttini keçib mövqelərimizi atəşə tutan Ermənistan ordusuna məxsus Mİ-24 helikopterini vurub. Düşmən helikopteri qoşunların təmas xəttində neytral əraziyə düşüb.
Mənbə: ANSPRESS