Ukraynada azərbaycanlının qətlinin arxasında erməni general dayanır
Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətlində şübhəli bilinən, bir müddət həbsdə saxlandıqdan sonra zaminə buraxılan şəxs yoxa çıxıb.
AzNews.info-nun məlumatına görə, V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, ötən il dekabrın 29-da keçirilən məhkəmə prosesində şübhəli şəxs Rostislav Brinski iştirak etməyib.
Onun istintaqdan yayındığı məlum olub, məhkəmə barəsində axtarış qərarı verib.
V. Nuruşov qeyd edib ki, növbəti proses yanvarın 29-a təyin olunub:
“Bizdə dəqiq məlumat var ki, məhkəmənin uzadılmasında, Brinskinin yoxa çıxmasında qətldə sifarişçi kimi adı hallanan erməni biznesmen, istefada olan general Anton Luqasyanın əli var. Çünki son məhkəmə iclaslarında Luqasyanın iki bacısı oğlu ifadə verdi. Məqsəd Brinskinin onlarla üzləşdirilməsinə imkan verməməkdır”.
İş adamının sözlərinə görə, erməni general özünə yaxın məmurlara bu işin ört-basdır edilməsi üçün müxtılif formada təsir edir:
“Hətta bizə də hədə qorxu gəlirlər. Təəssüf ki, nə səfirlik, nə də yerli inzibati orqanlar tərəfindən məsələyə reaksiya verilir”.
Qeyd edək ki, qətldə təqsirli bilinərək saxlanılan Rostislav Brinski (R. Brinski A. Luqasyanın mühafizəçisi olub) məhkəmə zalından ev dustaqlığına buraxılıb.
O, ibtidai istintaqa ifadəsində azərbaycanlı iş adamını təkbaşına öldürdüyünü desə də, məhkəmə zamanı qətli özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki bacısı oğlunun törətdiyini deyib.
Əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti ötən il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb.
Mənbə:> APA