Erməni genaral azərbaycanlı iş adamını öldürüb
Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə bağlı ötən gün məhkəmə iclası keçirilib.
Oxu.Az xəbər verir ki, V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, qətldə təqsirli bilinən Rostislav Brinski məhkəmədə çıxış edərək, istintaqa verdiyi ifadəsindən fərqli olaraq azərbaycanlı iş adamını özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki qardaşı oğlunun öldürdüyünü bildirib.
R. Brinski deyib ki, obyektində mühafizəçi olduğu istefada olan general, iş adamı A. Luqasyan zəng edərək, adamlarının ona bağlama gətirəcəyini bildirib:
“Tanımadığım iki nəfər məni onlara məxsus bazarın yanına çağırıb, maşında döyülməkdən tanınmaz hala düşmüş kişi meyiti göstərdi, onu gizli yerdə basdırmağı tapşırdı. Mən də şefimin əmrinə əməl edərək meyiti basdırdım. Yalnız meyit tapılandan sonra onun kim olduğunu bilmişəm. Meyiti gətirənlərin Luqasyanın qardaşı oğlanları oldğunu da sonradan öyrənmişəm. Əvvəldən heç nədən xəbərim olmayıb”.
Məhkəmə noyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, R. Brinski ibtidai istintaqa ifadəsində V. Nuruşovu təkbaşına öldürdüyünü bildirmişdi. V. Nuruşovun yaxınları isə erməni biznesmenlə ədavətlərini əsas gətirərək qətldə A. Luqasyanı ittiham edirdilər.
Əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti bu il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb.
Avqustun 17-də isə vilayət azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən bir azərbaycanlı Allahverdiyev Naim Balakişi oğlu saxlanılıb. Lakin yaxınları onun da qətlinin sifarişçisinin A. Luqasyan olduğunu iddia edirlər.
Mənbə:> Oxu.Az