Səfir: ABŞ güclü Azərbaycanın olmasında maraqlıdır
Tam açıq söyləmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinə yüksək dəyər verir. Azərbaycanla güclü və müsbət münasibətlərimizin olması vacibdir. Bu münasibətləri saxlamaq və gücləndirmək üçün, tərəfdaşlığımızdan maksimum fayda almaq üçün narahatlıq doğuran məsələləri bir-birimizlə rahat müzakirə etməliyik.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sektua bildirib.
Səfirin sözlərinə görə, hər iki tərəf, həmçinin dərk etməlidir ki, hətta razılıq olmayan məsələlərin müzakirəsində də qarşı tərəf münasibətlərə hörmət və xoş məramla yanaşaraq qarşılıqlı fayda əldə etmək istəyir.
“Bizim Azərbaycanla əməkdaşlığımız genişdir, iqtisadi, təhlükəsizlik və əlbəttə, demokratiya maraqlarını əhatə edir. Mənim bu sahələri vurğulamağımın səbəbi ondan ibarətdir ki, Azərbaycan güclü olması üçün bütün bu sahələrdə güclü olmalıdır.
Qeyd etmək istəyirəm ki, Azərbaycanın güclü, sabit, demokratik, müstəqil və firavan dövlət kimi inkişaf arzusu ABŞ-ın da marağındadır. Qeyri-müəyyənliklərlə üzləşən bölgədə bu amil xüsusi önəm daşıyır”, - deyə, Sekuta bildirib.
Səfir qeyd edib ki, güclü iqtisadiyyat güclü dövlətin təməlini təşkil edir:
“Bu sahədə Şərq-Qərb ticarət dəhlizinin canlandırılması üçün vacib olan nəqliyyat sektorunun inkişafı da daxil olmaqla, Azərbaycanın iqtisadi diversifikasiya səylərini dəstəkləyirik. Sözügedən səylərimizlə yanaşı, biz Azərbaycanla qanunun aliliyinin və demokratik təsisatlarının gücləndirilməsi sahəsində davamlı əməkdaşlıq edirik. Biz hökumətin sabitlik, firavanlıq və müstəqillik məqsədlərinin əldə olunmasında tərəfdaşlıq edən güclü vətəndaş cəmiyyətinin inkişafına dəstək veririk”.
ABŞ-da Kristofer Smitin rəhbərlik etdiyi Helsinki komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə toxunan səfir bildirib ki, o, icraedici hakimiyyətin nümayəndəsi kimi bu məsələni şərh etməyəcək.
“Sözügedən məsələ bir Konqres üzvü tərəfindən təqdim olunmuş qanun layihəsidir. İstənilən Konqres üzvü bunu edə bilər. Hər il Konqres üzvlərinin və onların seçki ərazilərinin maraqlarını əks etdirən minlərlə qanun layihəsi təqdim olunur. Bu il ərzində Konqresin iki palatasının üzvləri tərəfindən 7,000-dən artıq qanun layihəsi təklif olunub, lakin müxtəlif faktorlar əsasında onların yalnız 100-dən çoxu hər iki palata tərəfindən təsdiq olunaraq, Prezident tərəfindən imzalanıb və qanun gücünə malik olub”, - deyə, Sekuta vurğulayıb.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Bern görüşünə toxunan Sekuta qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfiri kimi, mən həmsədrlərin tərəflərə münaqişənin həlli üçün göstərdikləri səyləri tam dəstəkləyir:
“Bern şəhərində irəliləyiş əldə olunmasa da, qeyd etmək lazımdır ki, həmsədrlər və tərəflər prezidentlər arasında olan dialoqun dəyərini nəzərə alıblar. Həmsədrlər prezidentlərin gələn ildə də görüşlərinin təşkil olunması istiqamətində işləyəcəklər. Həmsədrlər xarici işlər nazirləri ilə birgə münaqişənin həllinə dair təkliflər, gərginliyin azaldılması və Dağlıq Qarabağ icmaları arasında dialoqun inkişafı proqramları kimi istiqamətlərdə fəaliyyəti davam etdirəcəklər”.
Mənbə:> Oxu.Az