Əliyevin Moskvadan qaçış əməliyyatı – TAM MƏXFİ (VİDEO)
Heydər Əliyevin Moskvadan Dövlət Təhlükəsizlik Komitəsini (DTK – KQB) necə aldadaraq Azərbaycana gəlməsi hələ də müəmma kimi qalıb. Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov 1987-ci ildə Heydər Əliyevi işdən uzaqlaşdıraraq Moskvadan çıxmasına imkan vermirdi.
Bu, həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi başlayacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın planlarını poza bilərdi, onun nəzarətə götürülməsi də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun Moskva sərhədlərindən çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı vermişdi.
Heydər Əliyevin Siyasi Bürodan və baş nazirin birinci müavini postundan məhz Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən “Tam məxfi” sənədli filmdə deyilir: “1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın baş katibi ola bilər”.
Heydər Əliyevin xatirələrində bu fakt belə qeyd edilir: “Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən SSRİ-nin baş katibi ola bilərəm. Səhv etmirəmsə, “Tayms” qəzeti məni hətta SSRİ-nin “parlayan ulduzu” adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım”.
Bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət, 1987-ci il oktyabrın 19-da Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: “Sən getməlisən”.
1969-cu ildən 1991-ci ilə kimi Sov İKP MK-nın Siyasi Büro üzvlərinin təhlükəsizliyinin təmin edilməsinə rəhbərlik edən general-mayor Mixail Titkov Qorbaçovun Heydər Əliyevdən çəkinməsini belə əsaslandırırdı:
“Heydər Əliyevin dövlət idarəçiliyi üzrə fəaliyyəti Qorbaçovunku ilə müqayisədə çox geniş idi. Heydər Əliyev böyük bir respublikaya rəhbərlik etmişdi, Qorbaçov isə Stavropol diyarının rəhbəri olmuşdu. Yəni Heydər Əliyevin Siyasi Büro üzvlüyünə və SSRİ Nazirlər Soveti sədrinin birinci müavinliyinə gəldiyi yolun miqyası daha böyük idi. Qorbaçov isə diyar rəhbərliyindən Sov.İKP MK-nın kənd təsərrüfatı üzrə katibliyinə gəlmişdi. İstər-istəməz iki siyasətçi görüşəndə bu özünü göstərirdi. Yəni siyasətçinin biri çox bilirdi, o birisi isə az. Qorbaçovun da qatıldığı böyük forumlarda ondan sonra Heydər Əliyev çıxış edirdi. Mixail Sergeyeviç görürdü ki, o, bir çox məsələdə Heydər Əliyevdən az bilir. Bu, məktəbdə də belədir, əlaçı şagirdləri sevmirlər. Heydər Əliyevin nüfuzu həm ölkə daxilinə, həm də xaricə səfərlərində hiss edilirdi. Onu xüsusi hörmətlə qarşılayır, alqışlayırdılar. Bunu da Qorbaçova çatdırırdılar. Ona görə də yanında daha populyar və nüfuzlu adamı görmək istəmədi”.
Qorbaçovun “getməlisən” sözündən sonra Əliyev “səhhətində olan problemə görə” vəzifəsindən istefa verir. Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.
Azərbaycanda vəziyyətin çox ağır olduğu, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyir. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur.
Təbii ki, uzun illər KQB-də çalışmış, böyük kəşfiyyat təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri əlindən alınmış, işdən çıxarılmış, hər addımına nəzarət olunan, qura biləcəyi bütün təmaslar qapadılan bir şəxs vəziyyətdən çıxmaq üçün hansı addımları ata bilərdi.
Heydər Əliyevin həmin vaxt KQB-nin nəzarətindən yayınaraq Moskvanı tərk etməsinin bir neçə yolu ola bilərdi. Peşəkar xəfiyyələrə görə, ilkin versiya KQB daxilində kimlərinsə ona yardım etməsidir:
“İkinci versiya KQB-də çalışmış, amma ehtiyatda olanların dəstək verməsidir. Heydər Əliyevin özü uzun müddət KQB-də çalışmışdı və əməliyyat işini praktiki cəhətdən çox yaxşı bilirdi. Amma istənilən halda Moskvanın nəzarətində olan keçmiş Büro üzvünün hansısa yeri tərk etməsi iki variantda mümkündür. Ən böyük ehtimal daxildən dəstək, ikinci variant isə ən yaxşı hazırlanmış əməliyyatdır. Amma onun Moskvadan çıxmağına özünün təşkil etdiyi xüsusi əməliyyat da səbəb ola bilərdi. Çünki həmin vaxt vəziyyət elə idi ki, sabiqlərdən kiminsə ona kömək etməsi inandırıcı görünmürdü. Güman ki, müəyyən dəstək olub, lakin bu dəstəyin miqyasının onun KQB-ni azdırmağına yetərli olduğunu demək çətindir. Adətən, peşəkar kəşfiyyatçılar daha az ehtimal edilən versiyadan istifadəyə üstünlük verirlər. Əliyevin zahiri görünüşünü dəyişdirərək Moskvanı tərk etməsi daha inandırıcıdır. Güman ki, o, zahiri görünüşü dəyişərək, bu addımı atıb. Bu, Moskvanın ağılına gəlməzdi. Çünki Heydər Əliyevin həmin vaxt artıq xeyli yaşı var idi və kifayət qədər yüksək vəzifələrdə işləmiş nüfuzlu şəxs kimi tanınırdı. Moskva inanmazdı ki, bu yaşda olan şəxs belə bir addımı ata bilər. Amma bütün versiyaları analiz etdikdə daha çox bunun üzərində dayanmaq mümkündür”.
Əliyevin KQB-ni aldatmasında digər maraqlı məqam isə Azərbaycana qədər olan uzun məsafənin necə qət edilməsidir.
İddialara görə, Heydər Əliyev bu zaman hava yox, quru nəqliyyatından istifadə edərək, Azərbaycana gələ bilib.
AzNews.info Heydər Əliyevin anım günü ərəfəsində bu maraqlı dövrün qısa xronikasına həsr olunan “Tam məxfi” verilişini təqdim edir:
Mənbə:> Axar.az