Türk ordusu İraqa niyə girib: İŞİD, yoxsa?
Türkiyənin Mosula girişi rusların köməyi ilə PYD-nin Afrin ilə Kobaninin arasını birləşdirmə cəhdi kontekstində qiymətləndirilməlidir.
Bu barədə Axar.az-a hazırda Türkiyədə olan politoloq Fərhad Mehdiyev açıqlama verib. F.Mehdiyev Türkiyənin İŞİD-i məhv etmək üçün İraqda hərbi əməliyyatlara başlamasını və bu ölkəyə qoşun yeritməsini belə şərh edib:
“ABŞ-ın Türkiyənin bu hərəkatından xəbəri var idi. Digər tərəfdən, NATO-nun İŞİD-ə qarşı quru əməliyyatlarını keçirməyəcəği nəzərə alınarsa, demək ki, bu əsgər artımı alyansın “İslam dövləti”nə qarşı apardığı tədbir də deyil. Belə başa düşmək olur ki, Türkiyə Şimali Suriyada baş verənlərə qarşı bölgədə öz varlığını artırmağa və yeni hadisələrə qarşı hazır olmağa cəhd edir. Yeni hadisələr isə Suriyada kürd kantonlarının birləşməsidir”.
Qeyd edək ki, dekabrın 4-də Türkiyə ordusu Mosulda peşmərgəyə hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraq Baş naziri Heydər Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirib və hərbçiləri çıxarmaq üçün 48 saat vaxt verib. Ən son məlumata görə, 6 min nəfərlik ordu Mosulun 30 kilometrliyində yerləşən Başika bölgəsində qərarlaşıb. Bununla yanaşı, həmin bölgəyə 140 zirehli hərbi texnika yeridilib. Dünən isə Ankara bölgəyə daha 2 min əsgər göndərib.
Mənbə:> Axar.az