Azərbaycanlı jurnalist Ərdoğanın şəxsi təyyarəsində
Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Qətər səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onların arasında azərbaycanlı jurnalist Sevil Nuriyeva da olub. Prezident Rusiyanın inşa etdiyi Akkuyu nüvə stansiyası, Türkiyə-İsrail əlaqələrinə dair, İŞİD-lə mübarizə və Qətərlə əldə edilən razılaşmalarla bağlı jurnalistlərin ünvanladıqları sualları cavablandırıb.
Qeyd edək ki, Sevil Nuriyeva artıq uzun müddətdir ki, Türkiyədə yaşayır və aktiv jurnalist fəaliyyəti ilə məşğuldur. Eyni zamanda, hakim AK partiyasının qızğın tərəfdarlarından biri olaraq tanınır. Onu da əlavə edək ki, həmyerlimiz daha əvvəl də Fransanın paytaxtı Parisə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanı müşayiət edənlər arasında olmuşdu.
Mənbə:> Qafqazinfo.az