Vüqar İbadov: Mən müharibə və zorakılığa qarşıyam
Çoxunuz bilirsiniz ki, mənim adım dünəndən sosial şəbəkələrdə bir çox statuslarda hallanır. Bir gün ərzində çox populyar oldum. Çoxunuz məni fotoda tanımısız və bilirsiniz ki, adi fotoqrafam. Öz peşəmi çox sevirəm və hər zaman yaradıcı insan olmuşam. Heç bir aidiyyatım olmadığı sahədə adımın populyarlıq qazanması xoşagəlməzdir.
Oxu.Az xəbər verir ki, azərbaycanlı fotoqraf Vüqar İbadov öz adı ətrafında yaranan əhvalatı məhz belə şərh edib.
Xatırladaq ki, Vüqarın hərbi formada çəkdirdiyi şəklinin yayılmasından sonra minlərlə rusiyalı onu Rusiya bombardmançı təyyarəsini vuran F-16 təyyarəsinin pilotu hesab edib.
“Eləcə də qeyd etmək istərdim ki, incəsənətin istənilən nümayəndəsi kimi mən müharibə və zorakılığa qarşıyam. Mən hər zaman fotolarımın gözəlliyi, xoşbəxtliyi, məhəbbəti və xeyirxahlığı əks etdirməsini arzulamışam.
Çox heyfsilənirəm ki, adım bu kontekstdə hallanır və mənim haqqımda həqiqətə uyğun olmayan informasiya yayan hər bir istifadəçiyə həqiqəti çatdırmağınızı xahiş edirəm. Həqiqət isə çox sadədir: “Vüqar İbadov sadəcə fotoqrafdır””, - fotoqraf öz Facebook səhifəsində yazıb.
Mənbə:> Oxu.Az