Türkiyə Hərbi Şurası iclasa toplanır
Bu gün Türkiyənin Ali Hərbi Şurası Ankarada iclas keçirəcək.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk ordusunun Baş qərargahında keçiriləcək iclasa Baş nazir Əhməd Davudoğlu, Baş qərargah rəisi, ordu generalı Hulusi Akar və milli müdafiə naziri İsmet Yılmaz, Türk Silahlı Qüvvələrində xidmət aparan bütün ordu generalları və admirallar qatılacaqlar.
İclasda rus döyüş təyyarəsinin vurulmasının səbəb olduğu Türkiyə-Rusiya böhranının, türk ordusunun hazırkı vəziyyətinin müzakirə ediləcəyi gözlənilir.
Bundan başqa, Suriyanın türkmənlərin yaşadığı bölgələrində Əsəd qüvvələrinin əməliyyatları, PKK və İŞİD ilə mübarizə mövzuları da müzakirə olunacaq.
İclas başa çatdıqdan sonra iştirakçılar axşam saatlarında Prezident iqamətgahına yola düşəcək və burada dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şura üzvlərinə axşam yeməyi verəcək.
Qeyd edək ki, Türkiyənin Ali Hərbi Şurası ildə 2 dəfə iclas keçirir.
Mənbə:> Oxu.Az