Eldar Mahmudovla Çovdarovun general rütbəsi nə vaxt alınacaq?!
General-polkovnik Eldar Mahmudov dövlət başçısının sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad olunandan sonra MTN-in onlarla əməkdaşı işdən qovuldu. Nazirlikdə yüksək vəzifələr tutmuş bu şəxslər arasında həbs olunanlar da, istintaqa cəlb edilənlər də var.
Sonuncu həbs olunan şəxs isə MTN-in sabiq idarə rəisi, E.Mahmudovun “kassiri” kimi tanınan və adı qətldən, adam oğurluğundan tutmuş banditizmə və gizli həbsxana saxlamağa qədər bir çox ağır cinayətlərdə çəkilən general-mayor Akif Çovdarov oldu.
Hazırda A.Çovdarovdan başqa daha bir neçə yüksək rütbəli MTN-çi həbsdədir. Onların kifayət qədər yüksək hərbi rütbələri diqqət çəkir: aralarında general və polkovniklər də var. Və onlar mətbuatda hələ də rütbələri ilə təqdim olunur. Məsələn, “general Çovdarov” kimi...
Maraqlıdır, həbs olunan və ya vəzifəsindən qovulan MTN generalları bu yüksək rütbələrdən hansı halda məhrum edilə bilər? Bu məsələ qanunlarla necə tənzimlənir?
Hüquqşünas Adəm Məmmədov virtualaz.org saytına açıqlamasında yalnız məhkəmənin təqdimatı əsasında hərbi rütbədən məhrum edilməyin mümkün olduğunu deyir: “Məhkəmənin çıxaracağı hökmə görə, şəxs hərbi rütbədən məhrum oluna bilər. Məhkəmə həmin şəxsin hərbi rütbədən məhrum edilməsi barədə ona həmin ali xüsusi rütbəni vermiş vəzifəli şəxsə təqdimat göndərir. Cinayətin xüsusilə ağır olması, dövlət əhəmiyyəti, törətdiyi cinayətin daha təhlükəli olması və s. məsələlər araşdırılır. Bunlar araşdırılandan sonra məhkəmə nəticəyə gələcək ki, həmin şəxs hərbi rütbədən məhrum edilsin, ya yox”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyir ki, hərbi rütbədən məhrumetmə həbs olunan və yaxud vəzifədən uzaqlaşdırılan şəxsin törətdiyi cinayət məsuliyyətinin ağırlığından və məhkəmənin çıxaracağı hökmdən asılıdır: “Bu cür hallar məhkəmə araşdırmasından sonra mümkündür. Şəxs o vaxt cinayət törətmiş hesab olunur ki, onun barəsində məhkəmə hökmü olsun. Həbs olunanların, vəzifədən kənarlaşdırılanların heç birinin general rütbəsi hələ alınmayıb. Bu məsələyə yalnız məhkəmənin hökmündən sonra baxıla bilər. Lakin bəri başdan onu söyləmək olar ki, bu adamlar Azərbaycan dövlətinin verdiyi yüksək rütbələrə layiq olmadıqlarını öz əməlləri ilə artıq özləri sübuta yetiriblər”.
Mənbə:> Virtualaz.org