İlham Əliyev: Mən müsəlman ölkəsini təmsil edirəm
İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir.
Oxu.Az xəbər verir ki, Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan dövlətinin başçısı bəyan edib ki, o, müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edir.
“Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik”, - deyə, o, bildirib.
İlham Əliyev bildirib ki, ermənilər bizim tarixi irsimizi məhv ediblər:
“Lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər.
Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik.
Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur”.
Azərbaycan dövlətinin başçısı bəyan edib ki, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar.
“Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb.
Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır.
Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir”, - deyə, İlham Əliyev bildirib.
Mənbə:> Oxu.Az