Əliyevlə Sərkisyanın görüş vaxtı açıqlandı
Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın əvvəllərində görüşəcəyi ehtimal edilir.
ANS-in məlumatına görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov xəbər verib.
"Prezident İlham Əliyevlə Serj Sərkisyanın görüşü yaxın həftələrdə baş tutacaq. Ehtimal edilən Əliyev–Sərkisyan görüşünün dekabrın başlanğıcında keçirləcəyini hesab edirəm. Görüşün hansı gün və harada keçiriləcəyi barədə məlumatı prezident aparatı bildirəcək", - deyə Şarmazanov bildirib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 26-da İrəvanda səfərdə olarkən ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək niyyətində olduqlarını qeyd etmişdi.
"Ümid edirik ki, prezidentlər bu il görüşəcəklər. Sülhə nail olmaq üçün görüşlər keçirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonuna kimi Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü təşkil etməyə ümid edirlər", - deyə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
Amerikalı həmsədrin sözlərinə görə, hələ ki prinsiplər və nizama salmanın elementləri müzakirə edilir, ancaq tərəflər hələ daha konkret müzakirələr mərhələsinə nail olmayıb.
İlham Əliyev ilə Serj Sərkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sərkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Xatırladaq ki, Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü oldu. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın Dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar. Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.
Ondan əvvəl isə İlham Əliyev və Serj Sərkisyan Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri böyük maraq doğurur. 25 ildən çoxdur davam edən Qarabağ münaqişəsinin ədalətli həlli bölgədə siyasi gərginliyin azaldılmasına, ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmasına və regional əməkdaşlığın inkişafına və genişlənməsinə yol açacaq.
Mənbə:> ANSPRESS