Vidadi Zeynalovun maddələri açıqlandı – Vəkilindən açıqlama
İşdən çıxarılaraq həbs edilən, Azərbaycanın ən varlı adamlarından biri kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun ittiham olunduğu maddələr bəlli olub.
Bu barədə Zeynalovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında məlumat verib. Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Vidadi Zeynalovla görüşüb. Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
A.Məmmədov deyib ki, cinayət işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılır: “Buna görə də Vidadi Zeynalovun adının MTN-lə bağlı proseslərdə hallanması düzgün deyil. Vidadi Zeynalovla deyir ki, ömründə bir dəfə də olsun Eldar Mahmudovun üzünü görməyib. Deyir onu MTN-lə bağlayan yeganə amil qardaşı Vahid Zeynalovun orada idarə rəisi işləməsi olub. Qardaşı da son proseslər zamanı vəzifəsindən çıxarılıb”.
Vəkil qeyd edib ki, Vidadi Zeynalovun səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.
Xatıladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Mənbə:> Qafqazinfo.az