“AMAY Abdulla”: “O məmurla burada üz-üzə gəlmək istəmirəm” » AzNews.info -Xəbər portalı

“AMAY Abdulla”: “O məmurla burada üz-üzə gəlmək istəmirəm”

“AMAY Abdulla”: “O məmurla burada üz-üzə gəlmək istəmirəm”


Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə şahid qismində Elşən Hüseynov ifadə verdi.

E.Hüseynov bildirdi ki, “AMAY”-da anbardar işləyib. Onun adına “Vüsalə-96” firması yaradılıb, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə “Texnikabank”dan 1 milyon manat kredit götürülüb. Həmin vəsait “AMAY”ın tikintisinə sərf olunub.

Daha sonra Abdulla Abdullayevin vəkili Əkbər Bağırov Sahibkarlığa Milli Kömək Fondunun icraçı direktoru Elçin Zeynalovun, “Birlikbank”ın İdarə Heyətinin sədri olmuş Səriyyə Səmədovanın məhkəmədə şahid qismində dindirilməsi haqda vəsatət qaldırdı.

Vəkil vəsatətini əsaslandırarkən bildirdi ki, “Birlikbank” işi üzrə cəzalandırılan Səriyyə Səmədovanın barəsindəki hökm qanunsuz olub. Nəticədə Səmədova ağır şəkər xəstəliyinə tutulub: “Ona “Birlikbank”la bağlı verilən ittihamlar əsassız olub”.

Hakim bildirdi ki, Səriyyə Səmədova ilə bağlı məsələnin bu işə heç bir aidiyyəti yoxdur: “Hökm qanuni qüvvəsindədir, ləğv olunmayıb. Onu müzakirə etmək səlahiyyətimiz yoxdur”.

Abdulla Abdullayev vəkilinin vəsatəti ilə razılaşmadı: “Elçin Zeynalovun çagırılmasına ehtiyac duymuram. O, dövlət məmurudur, sifarişi yerinə yetirir. Ona tapşırıblar ki, bu işi gör, o da görüb. İndi bizə yaraşmaz ki, burada onunla üz-üzə duraq. Səriyyə Səmədovanın gəlməsinə də ehtiyac görmürəm. Mən bilmirəm burada (qəfəsdəki yeri göstərir-müəl.) kimlər oturub. Amma bu ittihamların heç bir əsası yoxdur. Mənə nə iş verəcəksiniz verin, qurtarıb getsin bu işi. Bu adamların heç bir günahı yoxdur. Onlar illərlə mənim yanımda işləyiblər, ümidlə yaşayıblar ki, bir gün hər şey yaxşı olacaq. Amma bu gün gəlib burada oturublar”.

Bununla da məhkəmə prosesi iyunun 2-dək təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *