Şəxsi heyətin sağlamlığı ən əsas şərtdir – FOTO
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların yerləşdirilməsi, sosial-məişət, sanitar-gigiyenik, əşya-əmlak, qidalanma və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə daim planlı surətdə müvafiq tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şəxsi heyətin gündəlik qida normasını təşkil edən və alınan ərzaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirməsinin nəticəsidir ki, şəxsi heyət tərəfindən qidanın keyfiyyəti ilə əlaqədar daxil olan şikayətlər kəskin dərəcədə azalıb, valideyinlər isə bununla bağlı rəhbərliyə dəfələrlə öz minnətdarlıqlarını bildiriblər.
Təəssüflər olsun ki, son vaxtlar dəfələrlə Silahlı Qüvvələr haqqında yoxlanılmamış, qeyri-dəqiq, şayiə və dedi-qodu səviyyəsində, ən əsası isə məqsədli və qərəzli fikirlər səsləndirilir.
Dərhal qeyd edək ki, iddiaların heç biri həqiqəti əks etdirmir və məsələnin mahiyyəti kobud surətdə təhrif olunur.
Belə ki, müvafiq qaydalara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən rəsmi ölkə mətbuatında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalar ilə bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirilir. Satınalmaların şərtlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir.
Qaydalara uyğun olaraq sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müvafiq müqavilələr bağlanılır.
Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir.
Satınalmalarda qalib gəlməyənlərə qanuni şəkildə bütün proseslər izah edilməsinə və müvafiq orqanlar tərəfindən cavab verilməsinə baxmayaraq, bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, dolayı yollarla, o cümlədən “sarı”, mətbuatı cəlb etməklə qeyri-obyektiv yazılar dərc etdirərək şantaj, hədə-qorxu gəlməklə nəyəsə nail olmağa çalışırlar.
Unutmayaq ki, Silahlı Qüvvələrin işgüzar nüfuzuna xələl gətirən, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, ictimaiyyəti çaşdırmaq məqsədi güdən yazılar qısa müddətdə Ermənistan kütləvi informasiya vasitələrində də dərc olunaraq yayılır.
Müdafiə Nazirliyi təxribat yarada biləcək, Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan və düşmən ölkənin maraqlarına xidmət edən qeyri-dəqiq, həqiqəti əks etdirməyənfikirləri yaymamağı tövsiyə edir.
Yoxlamanının nəticələrinə uyğun olaraq satınalmanın şərtlərinə cavab verməyən müəssisələrdə çəkilən fotoların bir qismini təqdim edirik.
Mənbə:> Oxu.Az