Silahlı Qüvvələri əhəmiyyətli yeniliklər gözləyir
Müdafiə nazirinin təşəbbüsü və rəhbərliyi ilə hərbi qulluqçuların üst geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində əsaslı dəyişikliklər baş verib.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi polkovnik Talıb Əsədov “Azərbaycan Ordusu” qəzetindəki yazısında bildirib.
Onun sözlərinə görə, artıq bu dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq edilib. Bununla da növbəti ildə şəxsi heyətin təminatında əhəmiyyətli yeniliklər baş verəcək.
T.Əsədov qeyd edib ki, qış dövrünə keçidlə əlaqədar sərt iqlim və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin əsgərləri sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə birdəfəlik təmin ediliblər. Həmçinin bu mövqelərdə şəxsi heyətin içməli suya tələbatı da öz həllini tapıb.
Onun sözlərinə görə, müxtəlif bölgələrdə hərbi maşın və texnikaların yanacağa olan tələbatını yüksək səviyyədə təmin etmək üçün müasir avadanlıqlarla təchiz olunan iritutumlu yanacaq anbarlarının inşasına başlanılıb.
T.Əsədov bildirib ki, şəxsi heyətin ərzaqla təminatını yaxşılaşdırmaq məqsədilə mərkəzi ərzaq anbarında ət məhsullarının qorunması üçün bir ədəd 1000 tonluq saxlancın, eləcə də Gəncə bölgəsində 500 və Beyləqanda 200 tonluq müasir tipli saxlancların tikintisi artıq yekunlaşmaq üzrədir.
Mənbə:> Trend