Fransada terror aktları zamanı ölənlər Bakıda yad edilib – FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Parisdə baş vermiş terror aktları ilə əlaqədar başsağlığı vermək və terrorla mübarizədə həmrəylik nümayiş etdirmək üçün yürüş təşkil edib.
APA-nın məlumatına görə, yürüşdə müxtəlif ali və orta ixtisas təhsili müəssisələrindən olan 100-dək tələbə iştirak edib.
Gənclər Fransanın Bakıdakı səfirliyinin qarşısına gül dəstələri qoyublar. Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib ki, Azərbaycan xalqı da terrora məruz qaldığı üçün aksiya iştirakçıları Parisdə baş vermiş terror aktlarını qətiyyətlə pisləyir.
Fransa səfirliyinin mətbuat xidmətinin rəhbəri Mina Qaziyeva isə bildirib ki, noyabrın 16-da səfirlikdə xatirə dəftəri açılacaq.
Qeyd edək ki, “İrəli” Gənclər Birliyinin bir qrup üzvü də Fransa səfirliyinin qarşısına gəlib. Onlar baş vermiş terror hadisəsinə etirazlarını bildiriblər, həyatını itirənlərin xatirəsini yad ediblər.
Mənbə:> APA