“Time”: Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir
ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyət 30 oktyabr–4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olub. Nümayəndə heyətinə Sinay məbədinin böyük ravvini Devid Volp rəhbərlik edirdi. Səfərin əsas məqsədlərindən biri Dağ yəhudilərinin sinaqoquna Müqəddəs Tövratın bağışlanması idi. Səfər çərçivəsində qonaqlar Quba Soyqırımı Memorialını ziyarət edib, Qırmızı Qəsəbədə olub, Xarici İşlər Nazirliyində, Qafqaz Müsəlmanları İdarəsində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüşlər keçiriblər.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, səfərlə bağlı nümayəndə heyətinin rəhbəri Devid Volpun ABŞ-da çıxan “Time” jurnalında “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir” adlı məqaləsi dərc edilib.
Müəllif yazır: “Keçən həftənin şənbə günü səhər tezdən mən öz icmamın 50 üzvü ilə çox nadir bir təcrübə yaşadıq: biz birbaşa sinaqoqa getdik.
Bu, o qədər də əlamətdar olmayan bir hadisə kimi qəbul edilə bilər, ancaq dünyanın bir çox ölkələrinə səyahət edən hər bir kəs bilir ki, sinaqoqları ziyarət etmək elə də asan iş deyil. Dünyanın bir çox yerlərində sinaqoqlar sutkada 24 saat fəaliyyət göstərmir. Mənim təmsil etdiyim Los-Anceles sinaqoqunda da binanın mühafizə işçiləri buraya gələn maşınların yük yerlərini yoxlayırlar. Dəfələrlə olub ki, mən xarici yəhudi icmalarına məktublar yazaraq, o şəhərlərdə kimlərinsə sinaqoqu ziyarət etmələrinə icazə vermələrini xahiş etmişəm. Mən tez-tez bu barədə düşünmüşəm ki, antiislam və antisemitizm əhval-ruhiyyələri gücləndirən mətləblər arasında bir fərq var. Bu da belə bir sadə faktla ifadə oluna bilər ki, məscidlər adətən mühafizə olunmur, əksər sinaqoqlar isə ciddi təhlükəsizlik tədbirləri ilə qorunur.
Bununla belə, bir müsəlman ölkəsinin şənbə günündə yəhudilər azad bir şəkildə sinaqoqa birbaşa daxil oldular və heç kim bu ziyarətçiləri nə sorğu-suala tutdu, nə də çantalarını yoxladı”.
Məqalədə deyilir ki, Azərbaycan əlamətdar istisnadır. Bir həftə əvvəl Qüds şəhərində bir İsrail diplomatı bizimlə görüşdə bu sözləri demişdi: “Mən İsveçdə başımda kipa ilə gəzməyə ehtiyat edirəm, amma Azərbaycanda yox. Azərbaycanda heç kəs buna görə sənə problem yaratmayacaq”. Mən bunu təsdiq edə bilərəm. Bakı küçələrində bir həftəyə yaxın kipa ilə gəzdim, nəzakət və mehribanlıqdan başqa bir qarşılıq görmədim. Bu, dünyada çox az rastlanan qeyri-adi bir nailiyyətdir. Azərbaycan başqa dini ənənələrin intişarını ehtiva edən iftixarlı və qədim tarixə malik bir ölkədir. Əhalisinin 90 faizini sünnilərlə şiə əksəriyyətli müsəlmanların təşkil etməsinə baxmayaraq, burada yəhudilər özlərini rahat və hörmətli vətəndaşlar kimi hiss edirlər. Bunu digər dini azlıqlar haqqında da demək olar.
D.Volp qeyd edir: “Bizim Azərbaycana səfərimizin əsas məqsədi Bakının dağ yəhudilərinə Tövratı təqdim etmək idi. Bu ölkədə yaşayan 30 min yəhudi arasında dağ yəhudilərinin min illər əvvəllərə gedib çıxan çox qədim bir tarixi var.
Ziyarətimizin əlaqələndiricisi Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev idi. Biz səfərimiz zamanı Quba rayonunun Qırmızı Qəsəbəsində olduq. Sovet hakimiyyəti qurulana qədər “Yəhudi kəndi” adlanan Qırmızı Qəsəbədə hazırda 4000-ə yaxın yəhudi yaşayır. Bu, İsrailin hüdudlarından kənarda olan ən böyük yəhudi şəhərlərindən biridir. Biz yay və qış sinaqoqlarında olduq, dualar etdik, küçələri gəzdik və Qafqazda yerləşən bu kiçik dövlətdə yəhudilərin necə rahat həyat tərzi sürdüklərinə heyran olduq”.
Məqalədə vurğulanır ki, Azərbaycanın İsraillə yaxın münasibətləri var. Dövlət rəsmiləri tez-tez ölkədən-ölkəyə səfər edirlər (Təl-Əvivdən Bakıya uçan təyyarədə yanımda İsrailin Baş nazirinin keçmiş müavini Aviqdor Liberman əyləşmişdi. İsrailin Baş naziri və Prezidenti də Azərbaycanda olublar).
Azərbaycandakı mövcud tolerantlıqdan bəhs edilən yazıda bildirilir ki, dünyanın o biri hissəsində tolerantlığa qarşı güclü təzyiqlər var.
Oxucuların diqqətinə çatdırılır ki, yəhudilərin bu həyatının qəbul edilməsi görüntü üçün deyil. “Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə görüşlərimizdə o, istər ölkədəki, istərsə də Amerikadakı yəhudi xalqı ilə dostluğundan və qardaşlığından danışdı. O, dəfələrlə xristianların, müsəlmanların və yəhudilərin, eyni zamanda, digər xalqların birlikdə yaşamasının digər xalqlar üçün nümunə ola biləcəyindən danışdı”, - deyə Devid Volp qeyd edir.
Sinay məbədinin böyük ravvini yazır: “Beş gün ərzində bizim qrupumuz ölkə ərazisində səyahət edərək rəsmi şəxslərlə, incəsənət nümayəndələri ilə və yerli yəhudilərlə görüşlər keçirdi. Bizə koşer yeməyi verdilər. Biz yəhudi icmasının nümayəndələri ilə ayrılıqda söhbət etdik. Azərbaycanın görkəmli şəxsləri ilə eyni qəbiristanlıqda dəfn edilmiş Azərbaycanın Milli Qəhrəmanı, yəhudi xalqının nümayəndəsinin məzarını ziyarət etdik. Bundan başqa, Bakının böyük bir meydanında hicabı atan qadın heykəlini gördük. Bu, “Azad Qadın” heykəli adlanır”.
Bildirilir ki, dözümsüzlüyün artdığı və inkişafın böyük təhlükə altında olduğu bu dünyada Azərbaycandan öyrəniləsi çox şey var. Bu kiçik, düşmənçilik yox, dostluq, sülh istəyən ölkənin gördüyü işləri nəzərə alıb qiymətləndirməyin əsl vaxtıdır.
Mənbə:> Oxu.Az