İlham Əliyev: Azərbaycanda hər şey ədalətli olmalıdır
Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, belə hallar hər ölkədə var.
“Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.
Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik” - Azərbaycan Prezidenti qeyd edib.
Mənbə:> Oxu.Az