Əli Həsənov: Xədicə İsmayılova ilə bağlı qərarın siyasiləşdirilməsi yolverilməzdir
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzərTAc-a Xədicə İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar bəzi beynəlxalq təşkilatların yaydıqları bəyanatlarla bağlı açıqlama verib.
AzNews.info xəbər verir ki, Əli Həsənovun sözlərinə görə, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb.
“Buna görə də bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir.
Azərbaycan dövləti söz və məlumat azadlığını, kütləvi informasiya vasitələrinin müstəqilliyini daha da inkişaf etdirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu gün ölkədə yüzlərlə KİV tam sərbəst şəkildə və təhlükəsiz şəraitdə fəaliyyət göstərir, jurnalistlər heç bir maneə olmadan öz vəzifə borcunu yerinə yetirirlər", - Əli Həsənov deyib.
O bildirib ki, inkişaf etmiş Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmurlar:
"Bu səbəbdən bəzi xarici dairələrin Azərbaycandakı reallığı təhrif etmək, ayrı-ayrı halları əsassız şəkildə ümumiləşdirərək ölkənin demokratik imicinə xələl gətirmək cəhdlərini qəbuledilməz hesab edirik və onları bu yanaşmadan çəkinməyə çağırırıq".
Mənbə:> AzərTAc