Gürcüstan Mixeil Saakaşviliyə görə Ukraynaya nota verdi
Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova rəsmi nota təqdim edib. Notada Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin açıqlamalarına etiraz bildirilib.
Oxu.Az bbm.com-a istinadən xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda söhbətin Mixeil Saakaşvilinin KİV-də yayılmış “Gürcüstanın təhlükəsizlik və stabilliyinə təhdid kimi qiymətləndirilən açıqlamalarından” getdiyi bildirilir.
“Qeyd olunub ki, bu kimi açıqlamalar Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirilir və qəbuledilməzdir.
Həmçinin bildirilib ki, açıqlama Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və dostluğun ruhuna uyğun gəlmir”, - Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Gürcüstan tərəfi rəsmi Kiyevin yuxarıda sadalanan məsələlərə müvafiq reaksiya verəcəyini və bu kimi halların bir daha təkrarlanmayacağını təsdiqləyəcəyini gözləyir.
Diplomatik qalmaqala səbəb http://uarevo.in.ua/-da yayılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin “Rustavi-2” telekanalının baş direktoru Nika Qvaramiya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriya ilə telefon danışığı olub.
Yayılan audio-yazıda M.Saakaşvili teleşirkəti müdafiə etməyin yolları barədə, barrikadaların yaradılması, eləcə də “müdafiə” üçün “yaraqlılar” tapmaq barədə məsləhətlər verir.
“Rustavi 2” Gürcüstanda çox populyardır və hakimiyyətin ünvanına səsləndirdiyi kəskin tənqidi ilə fərqlənir.
Cari hakimiyyət dəfələrlə telekanalı “Vahid milli hərəkat”ın maraqlarına xidmət etməkdə ittiham edib.
Mənbə:> Oxu.Az