Prezidentlərin keçmişi: Qaragilə satan, fəhlə, kəşfiyyatçı – FOTO
Böyük bir kütlənin etimadını qazanmaq və onun liderinə çevrilmək bəzilərinin düşündüyü kimi, heç də asan və rahat əldə edilmir. Daha doğrusu, heç kimə “Gəl, sən rəhbər ol, ölkəni idarə et” demirlər. Bunun üçün uzun, gərgin səy və zəhmət, ən əsası isə fitri istedad tələb olunur.
AzNews.info-nun məlumatına görə, Trend müxtəlif dövlətlərə rəhbərlik edən bəzi şəxslərin keçmişini araşdırdıb.
Hər şey bir anda dəyişdi...
Rusiya prezidenti Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda (Sankt-Peterburq) anadan olub. Rus mətbuatının yazdığına görə, yoxsul ailənin övladı olan Putin Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1975-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Komitəsində xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.
16 avqust 1999-cu ildə Putin Rusiya Federasiyasının baş naziri təyin olunur. O zamankı Rusiya prezidenti Boris Yeltsinin yeni il gecəsi televiziyada xalqa təbrik çıxışı Putinin qarşısında “yaşıl işıq” yandırır. 1999-cu ilin dekabr ayının 31-də Yeltsin istefa verdiyini və prezident olaraq səlahiyyətlərini baş nazir Vladimir Putinə həvalə etdiyini bəyan edir.
Baş nazir təyin olunandan beş ay sonra V.Putin Rusiyaya rəhbərlik etməyə başlayır. 7 may 2000-ci ildə isə rəsmi olaraq Rusiya Federasiyasının prezidenti seçilir. Səkkiz il ölkəyə rəhbərlik etdikdən sonra yenidən baş nazir postuna qayıdır. 2012-ci ildə isə üçüncü dəfə Rusiya prezidenti seçilir.
V.Putin siyasi fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətdən də kənarda qalmır və 1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi elmi adını alır.
ABŞ-ın ilk afroamerikalı prezidenti
ABŞ prezidenti Barak Obama 4 avqust 1961-ci ildə Havay adalarında anadan olub. Qaradərili atası Barak Hüseyn Obama Keniyadan, anası Stenli Enn Danhem isə Kanzasdan idi. Bəzi məlumatlara görə, atası müsəlman idi. Barak Obamanın müəllimləri, yaxınları da bunu təsdiq edirlər.
Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirib. 1985-ci ildə Çikaqoya köçərək orada kilsə qrupunda işləməyə başlayıb. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.
Barak Obama ilə bağlı daha bir maraqlı fakt onun hazırda bir şirkətdə məsləhətçi olması ilə bağlıdır. ABŞ Prezidenti olmasına baxmayaraq, Barak Obama 1992-ci ildən çalışdığı “Davis, Miner, Barnhill & Galland” firmasının məsələhətçisidir.
1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır. 2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olur. 2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilir. 2012-ci ildə ikinci müddətə prezident postu uğrunda mübarizəyə başlayır və bu dəfə də seçkilərin qalibi olur.
Heç vaxt rəsmi evli olmayan prezident
Fransa prezidenti Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində anadan olub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür.
İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
1988-ci ildə F.Olland Fransa parlamentinin aşağı palatasına seçilib. 2001-2008-ci illərdə Tül şəhərinin meri olub.
Fransua Ollandın tərcümeyi-halında diqqətçəkən məqamlardan biri 61 yaşı olmasına baxmayaraq, indiyə qədər heç vaxt ailə qurmaması ilə bağlıdır. Bu günədək bir neçə qadınla vətəndaş nikahında olsa da, bu evliliklərin heç birini rəsmiləşdirməyib.
Qaragilə satır, müəllimə olmağı arzu edirdi...
Almaniya kansleri Angela Merkel paralel olaraq Xristian Demokrat İttifaqının rəhbəridir. 17 iyul 1954-cü ildə anadan olan Merkel Almaniyanın ilk qadın kansleri kimi adını tarixə yazdırıb.
Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə nazir kimi fəaliyyət göstərib. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel Almaniyanın ilk qadın kansleri təyin edilir.
Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela böyüyəndə müəllimə olmağı arzu edib. Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Onun həyatında unudulmayacaq məqamlardan biri gənc yaşlarında qaragilə alveri etməsi və "Angela" diskotekası təşkil etməsi ilə bağlıdır. Bəlkə də, heç ağlına da gətirməzdi ki, nə zamansa dünyanın aparıcı ölkələrindən birinə rəhbərlik edəcək.
“Forbes”in siyahıya saldığı milyarder prezident
Ukrayna prezidenti Pyotr Poroşenko 26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Poroşenko Kiyev Dövlət Universitetində Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültəsində təhsil alıb.
Ali təhsilə yiyələndikdən sonra Poroşenko kakao satışında şəxsi biznesini qurur. 1990-cı ildə bir neçə qənnadı fabrikinin sahibi olur və sonralar bu fabrikləri "Roşen" adı altında birləşdirir və "Roşen" Ukraynanın ən çox məhsul istehsal edən qənnadı fabrikinə çevrilir. Sonralar şokolad istehsalında ön mövqelərdə olan “Roşen” məhsulunun təxminən yarısı Rusiyaya ixrac edirdi.
10 iyun 2014-cü ildə Ukrayna prezidenti seçilən Poroşenko biznesmen və maliyyəçi, “Forbes” jurnalının ukraynalı milyarderlər arasında beçinci yeri verdiyi milyarderdir.
Sənayedən idarəçiliyə aparan yol...
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə anadan olub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləyib. 1960-1969-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb.
1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib.
Mənbə:> Trend