İlham Əliyev: Azərbaycan terrorizmdən zərər çəkən ölkədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev: Azərbaycan terrorizmdən zərər çəkən ölkədir

İlham Əliyev: Azərbaycan terrorizmdən zərər çəkən ölkədir


Siz yəqin ki, bilirsiniz, Azərbaycan həm də terrorizmdən zərər çəkən ölkədir. Müstəqilliyin ilk illərində, 1990-cı illərin ərəfəsində və 1990-cı illərin əvvəllərində erməni terrorçu təşkilatları bizim ərazimizdə 30-dan çox terror aktı törədib. Onlar metronu, gəmiləri, şəhərlərarası avtobusları partladıblar. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı həlak olub.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşdə çıxışında bildirib.

“Biz beynəlxalq terrorçuluğun nə olduğunu öz üzərimizdə hiss etmişik, xüsusilə beynəlxalq birliyin bu problemlərə laqeyd qaldığı bir zamanda. Biz 1990-ci illərin əvvələrində beynəlxalq terrorizmlə təkbətək qalmışdıq. Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik, kökünü kəsdik və Azərbaycan vətəndaşlarına bu qədər dərd, bəla gətirənləri cəzalandıra bildik.

Azərbaycana qarşı terror hücumları Azərbaycan torpaqlarının 1990-cı illərin əvvələrində Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tərkib hissəsi idi. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan çox Azərbaycan vətəndaşı öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi. Biz son dərəcə ağır humanitar fəlakətlə üzləşdik. O zaman ölkənin iqtisadi vəziyyəti olduqca ağır idi. Praktiki olaraq, sənaye iflic vəziyyətə düşmüşdü, iqtisadiyyat dağılmışdı, inflyasiya ildə min faizdən yuxarı idi. Bu şəraitdə erməni təcavüzü nəticəsində bütün əmlakını, evlərini itirən bir milyon insan Bakıda və Azərbaycanın digər şəhərlərində sığınacaq axtarmağa məcbur oldu. O vaxt səkkiz milyondan bir qədər çox əhalisi olan ölkə üçün bir milyon qaçqın və məcburi köçkün yüksək göstərici idi.

Erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır. Ölkələr arasında müharibələr, münaqişələr olur, lakin insanlıq simasını həmişə qoruyub saxlamağa səy göstərmək lazımdır. Xocalı faciəsi - dinc şəhərin erməni quldur dəstələri tərəfindən bir gecədə məhv edilməsi xalqımızın hansı vəhşiliklə üz-üzə qaldığını göstərir. Artıq 10-dan çox ölkə Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bunun məsuliyyəti isə hazırkı və əvvəlki Ermənistan rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir. Bu, bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilmir. Biz BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Bu, bizim qanuni tələbimizdir. Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir.

Bax, biz bunlarla - ədalətsizlik, qeyri-obyektivlik, ikili standartlarla, bəzi hallarda isə işğalçının mükafatlandırılması ilə qarşılaşırıq. Ermənistan bütün tanınmış beynəlxalq normaları pozan təcavüzkar, işğalçı ölkədir. Axı, təkcə tarixi Azərbaycan torpağı və sovet dövründə heç respublika da yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağ işğal olunmayıb. Həmçinin keçmiş Dağlıq Qarabağ Vilayətinin inzibati sərhədindən kənarda 7 rayonda işğal edilib. Bu rayonlarda praktiki olaraq ermənilər yaşamırdılar. Bütün bu rayonlarda azərbaycanlılar yaşayırdılar. Onlar qovulublar, onların evləri, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, muzeylərimiz qarət olunub. Bunu bu gün İrəvanda ən yüksək vəzifələrdə oturanlar ediblər. Onlar hərbi canilərdir. Biz həqiqəti deməliyik. Çünki həqiqəti deməyib sussaq, özümüzü heç nə olmamış kimi göstərsək digər ölkələrdə də eyni hadisələr baş verəcək.

Tarix dəfələrlə sübut edib ki, işğalçılarla “oynamaq” siyasəti aparmaq olmaz. Ötən əsrdə də, 1930-cu illərdə də faşizm, nasizmin yaranması, hitlerçiliyin bəşəriyyətə gətirdiyi bəlalar da bəzi ölkələrin işğalçılarla oyun oynamasından başlayıb. Onlar baş verənləri hiss etmək və görmək istəmirdilər. Ötən əsrin faşizmi və nasizmi ilə bu gün Ermənistanın işğal etdiyi torpaqlarda törətdikləri arasında heç bir fərq yoxdur. Bu, eyni mənalı anlayışdır. Dünya ictimaiyyəti bunu bilməli və regionda sülhün bərqərar olmasına səy göstərməlidir. Sülh isə yalnız ədalət əsasında bərqərar ola bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən ölkənin ərazi bütövlüyü kimi əhəmiyyət daşıyır və o, bərpa edilməlidir. Mən bunu ona görə deyirəm ki, siz - dost ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri məsələnin məğzini daha müfəssəl biləsiniz. Erməni dairələri beynəlxalq birliyi aldatmağa, münaqişənin mahiyyəti, nəticələri barədə yanlış informasiya, şayiələr yaymağa, özlərini “qurban” kimi göstərməyə çalışırlar. Amma həqiqəti bilmək lazımdır. Həqiqət isə mənim dediyim kimidir. Mənim dediklərimi isə tarix, sənədlər, faktlar təsdiq edir”, - dövlət başçısı deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *