Məmmədyarov Panamada danışıqlar aparır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfər çərçivəsində oktyabrın 6-da Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə vitse-prezidenti Fransisko Migez ilə görüşüb və Panama kanalı infrastrukturu ilə tanış olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə F.Migez kanalın fəaliyyəti, əməliyyat imkanları haqqında ətraflı məlumat verdi.
Panama kanalının gələcək inkişafı, ötürücülük qabiliyyətinin artırılması və kanaldan keçid edən gəmilər və onların şəxsi heyəti üçün maddi-texniki təminat və xidmət imkanlarının yaradılması planları haqqında danışaraq, Azərbaycan şirkətləri və sərmayəçilərinin də bu layihələrdə iştirak edə biləcəklərini qeyd etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasında nəqliyyat sektorunun prioritet sahələrdən biri olduğunu deyərək, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət limanı, quru nəqliyyat yollarının çəkilişi, yük gəmiləri donanması və hava daşımaları imkanlarının artarılması, inteqrasiya edilmiş nəqliyyat modulu və nəticə etibarilə, ölkəmizin regionun nəqliyyat qovşağına çevrilməsi haqqında məlumat verərək, bu sahədə iki dövlət arasında əməkdaşlığın və təcrübə mübadiləsinin faydalı ola biləcəyini diqqətə çatdırdı.
Görüşdə Panama kanalının gələcək inkişafı, kanal vasitəsilə neft məhsullarının daşınması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.
Mənbə:> Oxu.Az