ABŞ cəbhədə minaatanlardan atəş açmamağa çağırır
ABŞ Dövlət Departamenti cümə axşamı bəyan edib ki, onda olan məlumata əsasən, Ermənistan və Azərbaycan bir-birinə qarşı ağır silahdan istifadə edir.
Dövlət departamentinin nümayəndəsi Con Kirbi onları zorakılığa son qoymağa çağırıb.
“Biz etibarlı mənbələrdən erməni və Azərbaycan qüvvələrinin minaatan və digər ağır silahdan istifadə etdiklərinə dair məlumat almışıq. Bu silahlar sərhəd boyu istifadə edilir və vətəndaş qurbanların, kəndlərdə ziyanlara gətirib çıxarır.
Biz gərginliyin artmasından çox narahatıq və mülki şəxslərə qarşı yönəlmiş istənilən hərbi hərəkatı pisləyirik”, - Con Kirbi bildirib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
O, tərəfləri mülki şəxslər arasında itkilərin olmasından qaçınmağa çağırıb.
“Bu zorakılığa dərhal son qoymağa çağırırıq, vəziyyətin gərginliyinin aradan qaldırılmasına və mülki şəxslər arasında qurbanların olmasından qəti şəkildə qaçınmağa çağırırıq”, - Kirbi əlavə edib.
O, həmçinin Ermənistana və Azərbaycana, ATƏT-in Minsk qrupu çərçivəsində hər iki tərəfin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini axtarmaq öhdəçiliyini xatırladıb.
Mənbə:> Oxu.Az