Rusiyadan Azərbaycana “PDM-3”lərin tədarükü başa çatmaqdadır
Piyadaların Döyüş Maşınlarının (PDM-3) Rusiyadan Azərbaycana tədarükü gələn il başa çatacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbə bildirib.
“Piyadaların Döyüş Maşınlarının (PDM-3) Rusiyadan Azərbaycana tədarükü 2016-cı ildə başa çatacaq. İlin sonunda 50-yə yaxın belə maşının sonuncu partiyası Azərbaycana yola salınacaq”, -agentliyin həmsöhbəti sentyabrın 9-da açılmış “Russia Arms Expo-2015” (RAE-2015) silah sərgisində bildirib.
Bu ilin əvvəlində “T-90S” tipli tankların Rusiyadan Azərbaycana tədarükü başa çatıb. Daha öncə “Rosoboroneksport”da bildirilmişdi ki, 2010-cu ildə əldə edilmiş razılığa əsasən Rusiya Federasiyası silah və texnikanın iri partiyasının çatdırılmasını 2017-ci ildə başa çatdıracaq.
KİV-in məlumatına görə, söhbət “T-90C” tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərilməsindən gedir.
Bundan başqa, tanklar ilə bərabər Azərbaycan təmir-evakuasiya və mühəndis maşınları alıb. Ekspertlər qeyd edir ki, bu müqavilə paketinin qiyməti 1 milyard dollara yaxındır.
Mənbə:> Oxu.Az