PKK Abdullah Gülün cangüdənini öldürdü – VİDEO+FOTO
Türkiyənin 11-ci prezidenti Abdullah Gülün cangüdəni PKK terrorçularının törətdiyi treakt nəticəsində dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, ötən gün Naxçıvanın Türkiyə ilə sərhəddindəki İqdır vilayəti Dilucu sərhəd qapısında PKK-nın hücumu nəticəsində şəhid olan 14 polisdən biri sabiq prezidentin mühafizəçisi Fehmi Şahin olub. Keçən ilin avqustunda Abdullah Gülün prezidentlik müddətinin başa çatmasından sonra Fehmi Şahinin İqdıra təyin olunduğu bildirilir.
Ölüm xəbərindən mütəəssir olan sabiq prezident Abdullah Gül sosial şəbəkədəki səhifəsində Şahin və digər şəhidlər barədə mesaj yazıb.
Fehmi Şahin Abdullah Gülün yanında
“Hər gün yeni bir acı ilə ürəyimiz yanır. Bu gündə İqdırda törədilən xain hücumda şəhid olan polislərimiz ürəyimi dağladı. Şəhid olan övladlarımızdan Fehmi Şahin uzun müddət mühafizədəstəmdə çox yaxınımda fəaliyyət göstərib. Fehmini və silahdaşlarını terrora qurban verdiyimiz üçün çox kədərliyəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, polis təşkilatımıza və bütün millətimizə başsağlığı təmənna edirəm”.
Terror hadisəsinin baş verdiyi yer
2 gün əvvəl Türkiyə Hakkari vilayətinin Dağlarca rayonunda 16 əsgərin şəhid olması ilə nəticələnən terror hadisəsi baş vermişdi.
Ötən gün isə Naxçıvanla həmsərhəd İqdır vilayətində törədilən terror aktı zamanı 14 polis əməkdaşı şəhid olub.
Mənbə:> ANSPRESS