Malena Mard: Aİ-nin Azərbaycana göstərəcəyi yardımda təhsil prioritetdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Təhsil

Malena Mard: Aİ-nin Azərbaycana göstərəcəyi yardımda təhsil prioritetdir

Malena Mard: Aİ-nin Azərbaycana göstərəcəyi yardımda təhsil prioritetdir


Dərs ili tezliklə başlayacaq və biz valideynlər uşaqlarımızın gələcək nailiyyətlərinin onların aldığı təhsilin keyfiyyətindən çox asılı olduğunu yaxşı bilirik. Bu reallıq uşaqlarımıza olduğu kimi cəmiyyətimizə də təsir edir: şübhəsiz ki, təhsil rifah, innovasiya və zənginliyin ilkin şərtidir.

Avropa İttifaqı Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsində və islahatların aparılmasında Təhsil Nazirliyinin, eləcə də digər iştirakçı tərəflərin əsas tərəfdaşı olmasından məğrurdur.

Biz Azərbaycanın təhsil sisteminin Avropa İttifaqı standartlarına daha çox yaxınlaşması, ümumiyyətlə, iqtisadiyyatın səmərəli işləməsi üçün tələb olunan səriştənin daha yaxşı təmin edilməsi sahələrində dəstəyimizi davam etdirəcəyik.

Avropa İttifaqında qazandığımız təcrübəmizi azərbaycanlı tərəfdaşlarımızla bölüşməklə onların işinə töhfə verəcəyimizə və onlarla əməkdaşlıq edəcəyimizə ümid edirik. Bununla sağlam, davamlı və çoxşaxəli iqtisadi inkişafa yardım göstərəcəyimizə ümidvarıq.

İsmayıllı Peşə Tədris Mərkəzi Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişaf etdirilməsi istiqamətində Avropa İttifaqı ilə Azərbaycanın son 7 ildə başladığı əməkdaşlığın əyani təcəssümüdür. Turizm sektorunda müasir peşə təhsili və təlimi sisteminin reallaşdırılması üçün İsmayıllı pilot region kimi seçilmişdir.

Təhsil Nazirliyində işçi heyətin potensial quruculuğuna, bütün iştirakçı tərəflərlə, o cümlədən yerli sənaye ilə məsləhətləşmələrin aparılması ilə müasir PTT strategiyasının, kurrikulum və təlimin hazırlanmasına yardım etmək üçün Avropa İttifaqı 2.5 milyon avro məbləğində texniki yardım göstərmişdir.

Turizm sahəsində Avropa səviyyəsində peşə təhsili vermək üçün Aİ layihəsi çərçivəsində məktəb müvafiq mətbəx və mehmanxana avadanlığı ilə təchiz edilmişdir.

Regionda əmək bazarının hərtərəfli tədqiqatı aparılmış, turizm, o cümlədən aşpaz, ofisiant, barmen, turizm agentləri, yerli bələdçi və mehmanxana qeydçiləri peşələri üzrə müasir kurrikulum işlənmiş, marağı olan gənc müəllimlərə təlim keçirilmişdir.

PTT məktəbi insan resurslarında boşluqların təhlilini aparmaq üçün daimi əsasda yerli sahibkarlarla məsləhətləşir, tələbələrin əmək bazarında özünə asanlıqla yer tapması ilə nəticələnən müvafiq qəbul planını hazırlayır.

Avropa İttifaqının gələcəkdə Azərbaycana göstərəcəyi yardım sahəsində təhsil prioritet sektordur. Universitetlərdə və peşə təhsili və təlimi məktəblərində islahat aparmaq, onları Avropa standartlarına və təcrübələrinə daha da yaxınlaşdırmaq üçün növbəti illərdə 19 milyon avrodan artıq vəsait ayrılacaqdır.

Müasirləşdirilmiş universitet və peşə təhsili məktəbləri əmək bazarının artan ehtiyaclarını ödəmək üçün daha yaxşı təhsil imkanları, bilik və ixtisas təmin edə bilər.

Proqram təhsil sektorunda olan potensialı və iştirakı artırmaq üçün vətəndaş cəmiyyətini də maliyyələşdirəcəkdir ki, bununla vətəndaş cəmiyyəti, təhsil orqanları, sahibkarlar və sosial tərəfdaşlar arasında da dialoq qurmaq mümkün olacaqdır.

Bu yardım təhsil sektorunda Avropa İttifaqının digər təşəbbüslərini tamamlayaraq, onlara əsaslanacaqdır. Məsələn, Avropa Komissiyasının eTvinninq şəbəkəsi 35 Avropa ölkəsində 100,000 məktəbin internet vasitəsilə bir-biri ilə ünsiyyət saxlamasını təşviq etmiş, 2013-cü ildə bu sistem Azərbaycandakı məktəbləri də əhatə etmişdir.

Bununla Azərbaycanda məktəblər virtual sinif otaqlarına daxil ola bilər ki, burada şagird və müəllimlər, məsələn, dil və ya riyaziyyat fənnlərinin tədrisinə yönəlmiş interaktiv layihələrdə iştirak edir.

Şəhər və rayonlardan seçilmiş müəllimlər öz sinif otaqlarında birgə təhsil layihələrini həyata keçirmək, Avropadan olan müəllimlərlə əməkdaşlıq etmək imkanı əldə edirlər. Şagirdlər əməkdaşlıqdan və komanda işindən bəhrələnir, digər mədəniyyətlərlə tanış olurlar.

Ən fəal müəllimlər illik konfranslarda və seminarlarda iştirak edirlər. 2013-cü ildə 24 məktəb, mütərəqqi və texniki səriştəyə malik olan 75 müəllim 71 layihədə iştirak etmişdir. 2014-2015-ci illərdə əlavə 80 məktəb və 164 müəllim 109 layihəyə cəlb olunmuşdur.

Tələbə və professor heyətinin fərdi mobilliyi ilə Avropa İttifaqı və üçüncü ölkələrin universitetləri arasındakı əməkdaşlığı dəstəkləyən Erasmus Mundus tanınmış proqramlara gözəl misaldır.

Qısa desək, ümid edirik ki, bütün bu tədbirlər təhsil sisteminin cazibədarlığının və etibarlılığının artırılmasına; eləcə də Azərbaycandakı ixtisasların, tədris və tədqiqatların milli və beynəlxalq səviyyədə tanınmasına yardım edəcəkdir.

Ümumiyyətlə, ümid edirik bir neçə il əvvəl İsmayıllı Peşə Tədris Mərkəzinin müasirləşdirilməsində əldə etdiyimiz nəticələri daha geniş miqyasda təkrarlayıb, daha çox region və sektorlara şamil edərək, yekunda ölkədə inkişafın artmasına töhfə verə biləcəyik.

Şagirdlər yeni dərs ilinin başlamasını səbirsizliklə gözlədiyi kimi mən də Azərbaycanda təhsil islahatlarının dəstəklənməsi istiqamətində ölkədəki həmkarlarla əməkdaşlıq etməyə can atıram.

Malena Mard
Avropa İttifaqının Azərbaycandakı Səfiri

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *