Keçmiş “Nida”çı YAP-a üzv oldu
“Nida” təşkilatının keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, o YAP Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb. Elsevər Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum” – deyə, qeyd edib.
Qeyd edək ki, keçmiş “Nida”çı Elsevər Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən azadlığa buraxıldıqdan dərhal sonra Heydər Əliyevin məzarını ziyarət edib, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirib.
Mənbə:> Qafqazinfo.az