Prezident müxalifət liderini əfv etdi
Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan müxalifətçi Nikolay Statkeviçi əfv edib.
ANS PRESS-in məlumatıan görə, Statkeviçi 2010-cu ildə keçirilən prezident seçkilərindən sonra tərəfdarlarını iğtişaşlara təşviq etməkdə ittiham olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Həbsxanadan çıxdıqdan sonra paytaxt Minsk şəhərində Statkeviçi yüzlərlə ictimai fəal və jurnalist qarşılayıb. Jurnalistlərə müsahibəsi zamanı Statkeviç əfv olunması üçün prezidentə müraciət etmədiyini deyib.
“Lukaşenkonun seçkilərdən əvvəl məni azadlığa buraxacağını gözləmirdim. Lakin, görünür, bu onlara baha başa gəlir. Bundan əlavə, seçkilərlə əlaqədar onlar üçün hər şey əladır. Müxalifət pat vəziyyətindədir. Müxalifət seçkilərin nəticələrini boykot edə bilməyəcək. Həmçinin, hansısa namizədi dəstəkləyə bilməzlər. Yəqin, ona görə məni azadlığa buraxdılar”, Nikolay Statkeviç bildirib.
Statkeviçlə birgə digər 6 müxalifət nümayəndəsi də azadlığa buraxılıb. Avropa Birliyi Belarus hökumətinin bu addımını yüksək qiymətləndirdiyini bildirib. Statkeviç öz siyasi fəaliyyətini davam etdirəcəyini və ölkəsini tərk etməyəcəyəni qeyd edib.
Müşahidəçilər isə müxalifət liderinin azadlığa buraxılmasını Minskə qarşı tədbiq olunan bir neçə sanksiyanın ləğv edilməsi ilə əlaqələndirirlər.
Avqust ayının əvvəlində insan haqlarını pozduğuna görə adı fərdi sanksiyalar siyahısına düşən 24 nəfər, o cümlədən, prezidentin sabiq köməkçisi, parlamentin yuxarı palatasının sabiq spikeri və daxili işlər nazirinin sabiq müavininə qarşı sanksiyalar ləğv edilmişdi.
Mənbə:> ANSPRESS