Amerika pilotsuzu İŞİD-i bombalamağa başladı
ABŞ-ın Müdafiə Nazirliyi Türkiyədəki “İncirlik” aviabazasından havaya qalxan Amerika pilotsuz uçan aparatının (PUA) İŞİD terror təşkilatına aviazərbələr endirdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, Pentaqonun mətbuat katibi Laura Sil ABŞ təyyarələrinin Türkiyə ərazisindən istifadə etməklə İŞİD-ə qarşı əməliyyat aparması barədə sualını cavablandırıb.
Həftə sonu İŞİD-ə qarşı əməliyyat çərçivəsində ABŞ təyyarələri Türkiyə ərazisindən havaya qalxıb, lakin həmin vaxt zərbələr endirməyiblər, Sil bildirib.
“Dünən ABŞ ilk dəfə Türkiyə ərazisindən qalxan PUA-ların köməyi ilə İŞİD-in obyektlərinə zərbələr endirdi”, - deyə, o, vurğulayıb.
Sil bəyan edib ki, bu hərəkətlər birgə qüvvələrin İŞİD-in tam məhvinə yönəldilmiş əməliyyatının bir hissəsidir.
İŞİD-ə zərbə endirmiş pilotsuz Türkiyənin icazəsi ilə havaya qalxıb, deyə, o qeyd edib.
“Türkiyə və digər koalisiya ölkələri regionda sülhə və sabitliyə nail olmaq üçün İŞİD ilə mübarizədə tam qətiyyətlidirlər”, - deyə, Sil vurğulayıb.
Sil həmçinin bildirib ki, təyyarələrin birgə əməliyyata dəstək verməsi üçün Türkiyə ərazisindən havaya qalxması lazım olan vaxtda hücumların həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mənbə:> Oxu.Az