Alim Qasımov “uçan xalça”nın sirlərini açdı » AzNews.info -Xəbər portalı

Alim Qasımov “uçan xalça”nın sirlərini açdı – VİDEO

Alim Qasımov “uçan xalça”nın sirlərini açdı


Xalq artisti, ustad sənətkar Alim Qasımovun çıxışı Birinci Avropa Oyunlarının açılış mərasiminin ən yaddaqalan məqamlarından idi. Düzdür, mərasimdən sonra sənətkar bu barədə təəssüratlarını bölüşmüşdü.

AzNews.info xəbər verir ki, Xalq artisti “uçan xalça”nın sirlərini ilk dəfə Ölkə.az-a açıqladı.

- Alim müəllim, bildiyimə görə ilk dəfə “uçan xalça”nın üzərində oxuyurdunuz...

- Bəli, ilk dəfə idi. Bu, sənətkar üçün böyük bir işdir. Həm də belə əlamətdar günə təsadüf etdiyindən mənimçün ikiqat sevinclidir. Fikrimcə, Azərbaycan muğamsevərləri üçün də sevincli anlar idi.

- Xalçanın üzərində olanda narahatçılıq, qorxu yox idi ki?

- O narahatçılığı aradan götürmüşdülər. Belimə kəmər bağlamışdılar ki, nəsə olsa, yıxılmayım, göydən asılı qalım. Amma belimə bağladıqları “tros” efirdə görünmürdü.

- Hündürlük nə qədər idi?

- Təxminən on metr olardı. Xalçanın kənarları tərpənirdi deyə, bir az narahatçılıq vardı. Mənə dedilər ki, ayaqlarını xalçanın qırağına qoyma, mərkəzdə dayan və oxu. Allaha şükür olsun ki, camaatımızın da xoşuna gəldi.

- İlk dəfə bu təklifi alanda tərəddüd etdinizmi?

- Rejissor Yunanıstandan idi. Oturduq, söhbətləşdik və mən də razılıq verdim.

- İfa canlı idi?

- Yox, əvvəldən oxumuşdum. Çünki o boyda stadionda, o cür küləyin qabağında elə səsi çıxarmaq olmazdı. Hər şey dəqiq şəkildə ölçülüb biçilmişdi. Hətta saniyələr kimi hər şey nəzərə alınmışdı.

- İndi o həyəcan var?

- Hələ də özümə gəlməmişəm. Həyəcan, sevinc bir-birinə qarışıb. 68 min tamaşaçının qarşısında çıxıb oxumaq mənimçün və sənətim üçün gözlənilməz hadisə idi. Çox şükür ki, belə bir hadisə Bakımızda baş verdi.

- Mətbuat yazır ki, məşhur müğənni Ledi Qaqa sizinlə duet oxumaq istəyir...

- Bu tamaşaçıların sevgisindən irəli gələn bir şeydir. Amma o barədə söhbətimiz olmayıb.

- Yazmışdılar ki, açılış mərasimindən sonra onun prodüseri sizə yaxınlaşıb bu təklifi edib.

- Başqalarına yaxınlaşıblar, amma mən heç nə deməyiblər.

- Təklif olsa, onunla duet oxumaq istərdinizmi?

- Ledi Qaqadır, Stinqdir, bunlarla duet oxusam, orada bir parça muğamımız getsə, əla olar.

- Başqa kimlərlə duet oxumaq istərdiniz?

- Adlarını bilmirəm. Radioda qulaq asıram, görürəm ki ürəklə oxuyanlar var.

- Alim müəllim, 90-cı illərin əvvəlində də sizə qarşı aşkar qısqanclıq var idi, qınayırdılar ki, bu tərzdə muğam oxumazlar. İndi də bir ilkə imza atdınız. Həmin qısqanclığı yenə hiss edirsiniz?

- Mən o vaxt da belə şeylərə fikir vermirdim. Qısqanclıqlar, şəxsi qərəzliklər ola bilərdi. Allaha şükür, haqq yerini tapdı. Bütün bunlar arxada qaldı. Mən yatıb yuxumda da görə bilməzdim ki, belə bir mərasimdə, uçan xalçanın üzərində oxuyacağam. Bunlar hamısı Allahın qismətidir.

- Nə qədər məşq etmişdiniz?

- 15 gün dalbadal məşq etdik.

- İstənilən məsələnin maddi tərəfi də maraqlı olur. Yəqin ki, bu çıxışınıza görə yaxşı da qonorar aldınız.

- Qonorar məsələsi yunan rejissorla öz aramızdadı. Bunu heç ağartmağa dəyməz.

- Əsas odur ki, razı qalmısınız...

- Razı qaldım. Hətta xeyli pulum olsaydı, verərdim ki, məni o xalçanın üstün çıxardın (gülür).


Mənbə: Olke.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *